Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin məzunlarına şəhadətnamələr təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə hazırlığı keçən gənclərin qiymətləndirməsi aparılıb.

 

İştirakçıların kurs müddətində biliklərə yiyələnmə səviyyəsini yoxlamaq məqsədi daşıyan qiymətləndirmə kompüter istifadəçisi, tikişçi, kişi və qadın bərbəri, aşpaz köməkçisi, bədii oyma, toxuculuq və dulusçuluq peşələri daxil olmaqla 8 istiqamət üzrə keçirilib.  

Ümumilikdə 19 nəfərin qazandığı yeni bilik və bacarıqlarla bağlı hazırlıq səviyyələri yoxlanıb.

 

İmtahan komissiyasının qərarına əsasən onlardan 15 nəfərinə şəhadətnamə, 4 nəfərinə arayış təqdim edilib. Ümumilikdə isə 2024-cü il ərzində müəssisədə 3 dəfə qiymətləndirmə aparılıb və kursları 54 nəfər şəhadətnamə ilə bitirib.

 

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi bu kateqoriyadan olan şəxslərin sosial reabilitasiyası üçün mütəmadi tədbirlər görür. Mərkəzdə fiziki və yüngül formalı əqli və psixi pozuntuları olan 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada müxtəlif peşələr üzrə 3-6 aylıq kurslar təşkil olunur.