Tərtərdə mina və kasetli sursatlardan zərərçəkənlər üçün maarifləndirici seminar keçirilib - FOTOLAR
10 avqust 2024-cü il tarixdə Tərtər şəhərində Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi “Minalar və kasetli silahlardan zərərçəkənlərin maarifləndirilməsi və onların potensialından istifadə edilməsi” adlı maarifləndirici seminar keçirib.
QHT.az xəbər verir ki, maarifləndirici seminarın məqsədi mina və kasetli sursatlardan zərərçəkənləri ölkədə və dünyada mina və kasetli sursatlara qarşı aparılan fəaliyyət haqqında məlumatlandırmaq və onları minalara qarşı maarifləndirmədə təbliğat işlərində iştirak etməyə çağırmaq olub.Tədbirin əvvəlində şəhidlərin və mina partlayışlarından həlak olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin sədri Hafiz Səfixanov tədbir iştirakçılarına mövzu barədə ətraflı məlumat vermis, ölkədə və dünyada mina problemlərinə həsr olunmuş Minalar Əleyhinə Beynəlxalq Kampaniya – Kasetli Silahlara qarşı Koalisiya (İnternational Campaign to Ban Landmines – Cluster Munition Coalition) təşkilatının olan “Landmine Monitor Report” layihəsində olan bəzi məlumatları səsləndirib.
Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinın Birləşmiş Millətlər Təşkilatının “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı, ötürülməsinin qadağan olunması və onların məhv edilməsi haqqında”, “Kasetli silahlara dair”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyalarının Azərbaycan dilinə tərcümə olunaraq çap olunmuş nüsxələri, “Azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtma hüququndan istifadə etməsinə ən ciddi maneə minalardır” və “Azərbaycanda minalar və partlamamış hərbi sursatlar problemi, minaların və partlamamış hərbi sursatların qurbanlara və icmalara təsiri” hesabatları tədbir iştirakçılarına təqdim edilib.
Azərbaycan Minadan Zərərçəkənlər Assosiasiyasının sədri Rey Kərimoğlu, Çıraq Humanitar və İnkişaf ictimai birliyinin sədri Nadir Cəfərov və xidməti vəzifəsini yerinə yetirərkən mina qurbanı olmuş Hafiz Əzimzadə mövzu ilə bağlı çıxışlar ediblər. Azərbaycan Minadan Zərərçəkənlər Assosiasiyasının sədri Rey Kərimoğlu eyni zamanda bildirdi ki, onlar tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırda Tərtər rayonunun da daxil olduğu 10 şəhər və rayonda mina qurbanlarının siyahılarının dəqiqləşdirilməsi və ehtiyaclarının öyrənilməsini həyata keçirilir və tədbir iştirakçıları bu işdə aktiv iştirak etməyə dəvət olundu. Çıraq Humanitar və İnkişaf ictimai birliyinin sədri Nadir Cəfərov bu təşkilatın əvvəlki illərdə mina qurbanları ilə bağlı həyata keçirdiyi layihələr barədə məlumat verdi, hazırda ehtiyacların öyrənilməsi layihəsində aktiv iştirak etdiyini bildirdi. Mina qurbanı Hafiz Əzimzadə özünün hansı şəraitdə yaralanması barədə danışdı, bütün mina qurbanlarını maarifləndirmə işində aktiv olmağa dəvət etdi.
Seminarın təşkil olunmasında və keçirilməsində yaxından iştirak etmiş ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev, üzvlər Rey Kərimoğlu, Nadir Cəfərov və Hafiz Əzimzadəyə, texniki və digər məsələlərin həll olunmasıda kömək etmiş Oğuz Mirzəyev başda olmaqla bütün zəhməti keçmiş BAMF üzvlərinə təşəkkür edirik.