"Vərəmin diaqnostikası, müalicə və profilaktikasına müasir yanaşmalar” adlı layihənin icrası Masallıda davam etdirilir - FOTOLAR

“Sağlamlığa Xidmət” İctimai Birliyi (İB) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə "Vərəmin diaqnostikası, müalicə və profilaktikasına müasir yanaşmalar” adlı layihəsinin icrasını davam etdirir.

QHT.az xəbər verir ki, layihə çərçivəsində 2024-cü il avqustun 08-09-da Masallı rayon Mərkəzi Xəstəxanası PHŞ-nin vərəm şöbəsində tədbir keçirilib. Layihənin məqsədi vərəmlə xəstələnmə riski yüksək olan ərazilərdə vərəm xəstələrini, onların ailə üzvlərini, yaxınlarını məlumatlandırmaq və vərəmin erkən aşkarlanmasına dəstək göstərməkdir. Tədbirin 1- ci günü avqustun 08-i layihənin əməkdaşları ilk növbədə Masallı RMX PHŞ-in vərəm şöbəsinin müdiri ilə görüşüb, tədbir barəsində ətraflı məlumat verərək, hazırlıq işlərinin görüblər.

Avqustun 09-da keçirilən tədbirdə "Sağlamlığa Xidmət" İctimai Birliyinin direktoru, Vərəm əleyhinə QHT Koalisiyasının sədri Elçin Muxtarlı, "Sağlamlığa Xidmət" İctimai Birliyinin direktor müavini, layihə rəhbəri Samirə Muxtarova, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin koordinatoru, Vərəm əleyhinə QHT Koalisiyasının üzvü Mətanət Qaraxanova, “Sağlamlığa Xidmət” İB-nin texniki işçisi Abbas Məmmədov iştirak ediblər. 

Vərəm şöbəsinin müdiri həkim ftiziatr Əzizulla Əliyev və Qəzənfər Tahirov açılış nitqi ilə çıxış edərək, qonaqları və iştirakçıları salamlayıblar. Son 10 ildə Masallıda vərəmdən ölənlərin sayının xeyli azlmasını, eyni zamanda səhiyyə işçiləri ilə Qeyri-Hökumət Təşkilatlarının birgə fəaliyyəti nəticəsində, eləcədə pasientlərin müalicəyə düzgün riayət etmələri sayəsində vərəmə birgə qalib gəlməyin mümkünlüyünü bildiriblər. Keçirilən yüksək səviyyədə maarifləndirici tədbiri təqdirəlayiq hesab edərək, belə önəmli tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Daha sonra layihə rəhbəri Samirə Muxtarova da iştirakçıları salamlayaraq, tədbirin təşkil olunmasında yaradılan şəraitə və imkanlara görə Qeyri-Hökumət Təşkilatlarına Dəstəyi Agentliyinə, TƏBİB-ə, Masallı RMX PHŞ-in rəhbərliyinə, vərəm şöbəsinin  tibb personalına minnətdarlığını bildirib. Sonra təqdimat vasitəsilə iştirakçılara hava- damcı yolu ilə yayılan vərəm xəstəliyi barəsində geniş məlumat verərək, xəstəliyin profilaktikası, onun yoluxma yolları, erkən aşkarlanmanın əhəmiyyəti, vərəmin diaqnostikası və müalicəsində ÜST-ün ən son yeniliklərilə bağlı məlumatlarını iştirakçıların diqqətinə çatdırıb. Layihə rəhbəri onu da qeyd edib ki, xəstəlik nə qədər erkən aşkar olunub, tam kompleks müalicə edilərsə, effektivliyi bir o qədər yüksək olar. Eyni zamanda düzgün müalicə olunmadıqda asan sağala bilən dərmana həssas vərəm formasının, çətin sağala bilən dərmana davamlı vərəm formasına çevrilməsini də bildirib. Onu da qeyd edib ki, vərəmin vaxtında aşkar edilməsi onun effektiv müalicəsi üçün böyük rol oynayır. Bu baxımdan xəstələr təyin edilən müalicəni fasilə vermədən sona qədər davam etməli, kontaktlar isə profilaktik müayinədən keçməlidirlər. 

Lahihənin psixoloqu Mətanət Qaraxanova psixoloji dəstək mövzusunda iştirakçılara ətraflı məlumat verib. Layihə çərçivəsində layihənin viziuallığını və əhəmiyyətliyini təmin etmək məqsədi ilə banerdən istifadə edilib. İştirakçılara vərəm xəstəliyi barəsində “Sağlamlığa Xidmər” İB-nin  hazırladığı maarifləndirici bukletlər paylanılıb. "Vərəmin diaqnostikası, müalicə və profilaktikasına müasir yanaşmalar” adlı layihənin dördüncü tədbirində 40 nəfər şəxsin məlumatlandırılması təşkil olunub. İnteraktiv şəkildə keçən tədbirdə iştirakçıların sualları cavablandırılıb və qrup foto çəkilib. Layihə çərçivəsində tədbir ZOOM proqramı vasitəsilə yayımlanıb. 

Qeyd edək ki, analoji tədbirlər Sumqayıt, Şirvan şəhərlərində və Salyan rayonunda keçirilib, növbəti tədbirlər isə Sabirabad və Ağcabədi rayonlarında təşkil ediləcək.