“Dayanıqlı təsərrüfat və ətraf mühitin mühafizəsi” layihəsi çərçivəsində maarifləndirmə tədbirləri davam etdirilir - FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xaçmaz Kənd Təsərrüfatının İnkişafına Dəstək” Ictimai Birliyi tərəfindən həyata keçirilən “Dayanıqlı təsərrüfat və ətraf mühitin mühafizəsi” layihəsi çərçivəsində maarifləndirmə tədbirləri davam etdirilir.
QHT.az xəbər verir ki, növbəti tədbir 7 avqust 2024-cü il tarixdə Xudat şəhərində təşkil edilib. Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyətinin inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin işçiləri, təsərrüfat rəhbərləri, bələdiyyə nümayəndələri və yaşıllaşdırma idarəsinin işçiləri iştirak ediblər.
Tədbirin məqsədi iştirakçıları dayanıqlı inkişaf məqsədləri, davamlı kənd təsərrüfatının əsas prinsipləri, ətraf mühitə təsirlər və onların minimuma endirılməsi ilə bağlı məlumatlandırmaq idi. Tədbirin əvvəlində iştirakçılar şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirin rəsmi hissəsi “Ətraf mühitin mühafizəsi” və “Dayanıqlı İnkişaf Məqsədləri, dayanıqlı təsərrüfat və sahibkarların rolu” mövzularında çıxışları əhatə edib. Çıxışlar zamanı təbii resurslardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi sahəsində vətəndaş məsuliyyəti və dövlət tərəfindən həyata keçirilən tədbirlər, Dayanıqlı İnkişaf Məqsədləri, Azərbaycanın beynəlxalq öhdəlikləri və “yaşıl enerji” siyasəti, COP 29 Konfransı və s. məsələlərə toxunulub.
Daha sonra mövzular ətrafında ictimai müzakirələr aparılmışdır. Iştirakçılar ekoloji çırklənmənin və iqlim dəyişikliyinin kənd təsərrüfatına və insan sağlamlığına mənfi təsirləri, vətəndaş məsuliyyətsizliyi üzündən baş verən yanğın hadisələri və çirklənmələr barədə danışmışlar. Layihə ekspertləri iştirakçıların diqqətini vacib bir məsələyə yönəldərək bildirmişlər ki, ətraf mühitin mühafizəsi üçün yalnız dövlət deyil, hər bir vətəndaş məsuliyyət daşıyır. Iştirakçılar ərazidə təmizlik işlərinin aparıdığını və yaşıllaşdırma fəaliyyətlərinin həyata keçirildiyini vurğulamışlar.
Iştirakçılar həmçinin ətraf mühitin mühafizəsi ilə bağlı ictimai nəzarət mexanizminin yaradılmasının vacibliyini qeyd ediblər.