Deputat Füzuli rayonunda seçicilərlə görüşdə inkişaf perspektivləri və yeni hədəflərdən danışıb
Deputat Vüqar Bayramov açıqılamasında Füzuli rayonunun Arayatılı kəndində keçirilmiş seçkiqabağı təbliğat-təşviqat kampaniyası haqqında məlumat verilib.Açıqlamasında bildirilir ki, görüşdə əvvəlki görüşlərdə olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən Vətən Müharibəsi iştirakçısı Fəqan Zalovun atası Amil Zalov, Vüqar Bayramovun fəaliyyətini yüksək qiymətləndirib və seçiciləri 1 sentyabr 2024-cü il tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində fəal iştiraka çağırıb.
Vüqar Bayramov, görüşdə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının Füzuli rayonunun inkişafına yeni imkanlar yaratdığını vurğulayıb. O, seçicilərinin etimadını qazanacağı halda, Horadiz şəhərində hər ay təşkil edilən qəbulları və kənd sakinləri ilə ayrı-ayrılıqda keçirilən görüşləri davam etdirəcəyini bildirib.
Deputat, VI çağırış Milli Məclisdə təmsil olunduğu dövrdə 131 görüş keçirildiyini və sakinlərin qaldırdığı məsələlərin həllinə dəstək olmağa çalışdığını qeyd edib. Bayramov, növbəti dövrdə də seçicilərin qayğılarının prioritet olacağını vurğulayıb. Görüşdə çıxış edənlər, seçicilərlə mütəmadi görüşlərin təşkilini yüksək qiymətləndirərək, növbəti dövr üçün təklif və rəylərini səsləndiriblər. Sonda, qaldırılan suallar cavablandırılıb və izahatlar verilib.
Deputat fikirlərini "Elmimlə Daim Elimin Yanındayam!" şüarı ilə yekunlaşdırıb.