Hüquq və İnsan Haqları İnstitutunun tədqiqatçısının məqalələri iki nüfuzlu jurnalda dərc olundu

Hüquq və İnsan Haqları İnstitutunun Hüquqi tədqiqat şöbəsinin əməkdaşı Günay Abasovanın məqalələri tanınmış hüquq jurnallarında dərc olunub. Abasovanın “Qanun” jurnalının № 07 (357) və “Azərbaycan Vəkili” jurnalının № 01 (23) 2024-cü il tarixli buraxılışlarında yer alan məqalələri hüquq sahəsində aktual mövzuları əhatə edir.

QHT.az xəbər verir ki, “Qanun” jurnalında dərc olunan “Azərbaycanda əmək mübahisələri üzrə mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişi: həqiqət, yoxsa fiksiya” başlıqlı məqaləsində müəllif, mediasiya prosesinin əmək mübahisələrindəki rolunu, bu sahədəki hüquqi boşluqları və mediasiya institutunun səmərəliliyini təhlil edir. Məqalədə, mediasiyanın mübahisələrin məhkəmədənkənar həllindəki əhəmiyyəti və mövcud problemlər araşdırılıb.

“Azərbaycan Vəkili” jurnalında dərc olunan ikinci məqaləsi isə ailə mübahisələri kontekstində barışıq sazişlərinin icrası ilə bağlı problemləri müzakirə edir. “Azərbaycanda ailə mübahisələri üzrə mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin icrası ilə əlaqədar problemlər və həlli yolları” başlıqlı məqalədə, aliment məsələləri, sazişlərin könüllü icrası və ər-arvadın ümumi əmlakının bölgüsü kimi mövzular təhlil edilib. Abasova, həmçinin, uşaqların valideynlərdən biri ilə xaricə getmələri və digər ailə mübahisələri ilə bağlı barışıq sazişlərinə qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsini təklif edir.

 

Pərvanə Fərhadqızı

QHT.az