“Böyük Qayıdış prosesində Dayanıqlı İnkişaf Məqsədləri” layihəsinə yekun vuruldu - FOTOLAR

“Böyük Qayıdış prosesində Dayanıqlı İnkişaf Məqsədləri” layihəsinin yekunlarına dair “Dövlət-özəl-icma tərəfdaşlığı” mövzusunda konfrans Bakı şəhərində baş tutdu.

QHT.az xəbər verir ki, konfransı giriş sözü ilə açan Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov layihənin icrası prosesi və layihə çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verərək bildirmişdir ki, işğaldan azad olunan bölgələrə qayıtmış məcburi köçkünlər üçün təşkil olunan xidmətlər, icma quruculuğu və sahibkarlıq subyektlərinin qurulmasına dəstək layihənin əsas hədəfi olmuşdur. Layihə nəticəsində Şuşa şəhəri, Zəngilanın Ağalı kəndi, Füzuli və Laçın şəhərində ümumilikdə 130 nəfər üçün təlimlər keçirilmiş, yerli icmaların ehtiyacları müəyyən olunmuş, sahibkarlıq subyektlərinin yaradılması istiqamətində fiziki və hüquqi şəxslərin yaradılmasına dəstək göstərilmişdir. 

Daha sonra layihənin ekspertləri Elşad Şiriyev və Arzu İbrahimova təlimin gedişatı və qarşıda duran hədəflər haqqında məlumat vermişlər.

Konfransda Qarabağda iş qurmağa marağı olan fərdi sahibkarlar, Qarabağdan olan yerli icma nümayəndələri, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Regional layihələrlə iş və monitorinq şöbəsinin mütəxəssisi Murad Adımov və Sahibkarlığın İnkişafı Fondunun Partnyorlarla iş sektorunun aparıcı mütəxəssisi Orxan Gülalıyev iştirak etmişlər. Konfransın sonunda sahibkarlarla icmalar arasında ortaq biznes layihələrinin icra edilməsi ilə bağlı müzakirələr və fikir mübadiləsi aparıldı.

Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.