Nazir Kəmaləddin Heydərov Belarusun xarici işlər nazirinin müavini İqor Nazarukla görüşüb 

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Belarus Respublikası xarici işlər nazirinin müavini İqor Nazarukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov xalqlarımız və ölkələrimiz arasında dərin və möhkəm köklərə malik çoxşaxəli münasibətlərin iki dövlət başçılarının siyasi müdrikliyi və qarşılıqlı etimadı sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, bütün istiqamətlərdə əlaqələrin durmadan genişləndiyini xatırladıb. Bu xüsusda Belarus xarici işlər nazirinin müavininin ölkəmizə səfəri və səfər çərçivəsində Fövqəladə Hallar Nazirliyində keçirilən görüşün iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında mövcud sıx əlaqələrin daha da genişləndirilməsinə əlavə təkan verəcəyinə əminliyini ifadə edib.

 

Nazir K.Heydərov Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və ölkəmizdə fəlakətlərlə mübarizə sahəsində görülən işlər barədə qonaqlara ətraflı məlumat verib, uyğun qurumlar arasında münasibətlərin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu diqqətə çatdırıb.

 

Səmimi görüşə görə təşəkkür edən Belarus Respublikası xarici işlər nazirinin müavini İqor Nazaruk iki dost ölkə arasında dövlət başçılarının səyləri nəticəsində formalaşmış strateji tərəfdaşlıq əlaqələri çərçivəsində əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluq ifadə edib. Ölkələrimizin fövqəladə halların idarə edilməsinə məsul qurumları arasında əlaqələrin dərinləşdirilməsinin qarşılıqlı faydasından danışan nümayəndə heyətinin rəhbəri səfərlərin, aparılan müzakirələrin münasibətlərin genişləndirilməsinə mühüm töhfə verdiyini bildirib.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.