İkili diplom proqramının tələbələri bu ildən Türkiyədə təhsilə başlayacaqlar!

Ötən ildən qəbulu həyata keçirilən UNEC-in Ege Universiteti ilə “Qida mühəndisliyi” ixtisası üzrə ikili diplom proqramının I kursunu bitirmiş tələbələr bu ildən II və III kurs üzrə təhsillərini Türkiyədə davam etdirəcəklər. IV kursda isə yenidən UNEC-də təhsil alacaqlar.

QHT.az xəbər verir ki, UNEC rektoru professor Ədalət Muradov bu gün proqramın I kursunu bitirmiş tələbələrlə görüşüb.

Görüşdə bildirilib ki, tələbələr II və III kursu Ege Uniersitetində təhsil alaraq, ixtisas fənlərini Türkiyə təcrübəsi əsasında öyrənmiş olacaqlar. Bu isə onların öz sahələri üzrə beynəlxalq səviyyəli mütəxəssis kimi yetişmələri üçün önəmli rol oynayacaq.

Tələbələr Ege Universitetinin yataqxanası ilə təmin olunacaqlar, eyni zamanda türkiyəli tələbələr üçün yaradılan bütün imkanlardan yararlana biləcəklər.