"Qarabağ Universitetinin ixtisasları regionda təhsilin inkişafına töhfə verəcək" - QHT Sədri
Prezident İlham Əliyev Qarabağ Universitetində tələbələrlə görüşü zamanı Qarabağ Universitetinin fakültələrinin müxtəlif şəhərlərdə fəaliyyət göstərəcəyini bildirib. Bu, regionda təhsilin inkişafına əhəmiyyətli töhfələr verəcək. Xüsusən, Şuşa və Xocalı kimi tarixi şəhərlərdə açılacaq fakültələrin əhəmiyyəti diqqət çəkir.
"Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İB sədri Tükəzban Süleymanova QHT.az-a özəl açıqlamasında ixtisasların regionlara uyğun şəkildə təşkil edilməsinin vacibliyini vurğulayıb. O, bildirib ki, "Müxtəlif profilli ixtisasların bir yerdə cəmlənməsindənsə, regionlar üzrə olması, spesifik olması daha yaxşı olardı."
QHT sədri, Şuşada incəsənətə yönəlmiş ixtisasların, musiqi və teatr hazırlığı sahələrinin açılmasının zəruriliyini qeyd edib. Eyni zamanda, Xocalıda kənd təsərrüfatı istiqamətində ixtisasların, Ağdamda isə qida təhlükəsizliyi ilə bağlı sahələrin fəaliyyət göstərməsinin daha uyğun olacağını vurğulayıb. O, əlavə edib ki, "Bu doğru addımdır. Orada tələblər oxuyursa, insanlar yaşayırsa ona uyğun infrastruktur düzəldilməlidir. Bu da düşünürəm ki, müsbət təsir göstərəcək."
Qeyd edək ki, Qarabağ Universitetinin yeni fakültələri, regionun inkişafına və gənclərin intellektual potensialının artırılmasına mühüm dəstək olacaq.
Pərvanə Fərhadqızı
QHT.az