Deputat: "Prezidentin iclasdakı açıq izahatları daxili təhlükəsizliyimiz üçün vacibdir"

QHT.az xəbər verir ki, Milli Məclisin deputatı Sahib Alıyev, Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Prezident İlham Əliyevin mühüm açıqlamalarına diqqət çəkib. O, Prezidentin çıxışının geniş reaksiyalar doğuracağına inandığını bildirib:

"Bu gün Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Prezident İlham Əliyevin mühüm açıqlamalar və eyni zamanda da ünvanlı ismarışlarla zəngin çıxışına əminəm ki, geniş reaksiyalar olacaq və hətta artıq verilməkdədir. Çıxış haqda kiçik statuslarla mən də öz fikirlərimi bölüşəcəyəm. Ancaq öncə seçicilərin ən çox verdikləri suallardan da birinin quru sərhədlərimizin niyə indiyədək bağlı saxlanıldığının olduğunu nəzərə alaraq dövlət başçımızın bununla bağlı nə qədər mümkündürsə, bir o qədər açıq izahatını paylaşıram: "Bizim quru sərhədlərimiz hələ də bağlıdır, yəni, vətəndaşların gəliş-gedişləri üçün. Başa düşürük ki, bu, müəyyən çətinliklər yaradır. Ancaq bugünkü geosiyasi vəziyyət də hamının gözü qarşısındadır daxili təhlükəsizliyi təmin etmək üçün bu, yeganə düzgün addımdır. Daxili təhlükəsizlik ilə bağlı bütün lazımi tədbirlər görülür. Təhdidlər də var - real və potensial. O təhdidlərin aradan qaldırılması üçün müvafiq qurumlar fəal işləyirlər. İctimaiyyət də lazım olan həcmdə bu məsələ ilə tanış olur, məlumatlar verilir. Ancaq bu sahə çox həssas olduğu üçün hesab edirəm Azərbaycan vətəndaşları başa düşürlər ki, bu barədə çox şey danışmaq yersiz və zərərli olar. Amma mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər olur və bu hərəkətlərin qarşısı alınır. Ona görə sərhədlərimizin qorunması bizi xarici risklərdən qoruyacaq, daxili risklər Azərbaycanda yoxdur".