“Görünməyən qəhrəmanlar” – Masallıda gənclərlə görüş
Qələbəmizin görünməyən qəhrəmanları
Oktyabrın 1-də Masallıda “Görünməyən qəhrəmanlar” mövzusunda gənclərlə görüş keçirilib.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin və Masallı Dövlət Regional Kollecinin dəstəyilə ərsəyə gələn tədbir öncəsi Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözü ilə açan Lənkəran-Astara Regioan Gənclər və İdman İdarəsinin Masallı rayon sektorunun müdiri Sabiq Cahangirov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd Müzəffər Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü qətiyyətli və inamlı siyasəti, rəşadətli ordumuzun şücaəti ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin əhəmiyyəti barədə gənclərin daha dolğun məlumatlandırılması, onların vətənpərvərlik ruhunda tərbiyəsidir. O, əlavə edib ki, ölkəmizin digər bölgələrindən olan gənclər kimi Masallı gəncləri də yüksək vətənpərvərlik hissilə cəbhəyə yollanaraq döyüşlərdə rəşadət və qəhrəmanlıq göstəriblər.
Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı, “Qarabağ” və “Rəşadət” ordenli Nazim Cəfərzadə cəbhə xatirələrini gənclərlə bölüşüb. Sabiq XTQ komandiri deyib ki, böyük Zəfərimizin rəhni döyüşlər zamanı yüksək əhval-ruhiyyədə olan Azərbaycan əsgərinin Vətən sevgisi oldu. Gənclərlə bağlı aparılan düzgün siyasət, vətənpərvərlik təbliğatı şanlı qələbəmizlə sonuclandı.
Yurnalist-publisist Akif Ağayev diqqətə çatdırıb ki, Vətənimizin müstəqilliyi, ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçüləri, eləcə də müharibənin görünməyən qəhrəmanlarını gənc nəslə tanıtdırmaq, onları tarixə qovuşdurmaq mənəvi borcumuzdur: “Eyni zamanda istər Aprel, Tovuz döyüşlərində, istərsə də Vətən müharibəsində, antiterror əməliyyatları dövründə haqq savaşına qoşulan fədakar igidlərimiz, könüllü gənclərimiz kimi ölkə jurnalistləri, yazarları informasiya cəbhədaşları sırasında bu şərəfli missiyanın daşıyıcılarına çevrildilər...”
44 günlük Vətən müharibəsinin arxa cəbhədəki ağrı-acılı xatirələrini dilə gətirən Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova qeyd edib ki, bir gün göz yaşları içində şəhid yola salıb, bir gün kənd və şəhərlərimizin azad olunması xəbərini sevinc göz yaşları ilə yaşayırdıq. Oğlunun yolunu gözləyən əsgər anasını, şəhid atasını, həyat yoldaşını, övladını dözümlü, mərd, cəsarətli gördükcə qürurlanırdıq. Məncə onların hər biri qələbəmizin qəhrəmanlarıdır.
Kollecin müəllimi Elçin Ağayev çıxışında inamla ifadə edib ki,
qalib ölkənin qalib əsgərləri, qəhrəmanlıq dastanı yazan gənclərimiz Azərbaycanımızın tərəqqisi, çiçəklənməsi naminə hər an səfərbərdir.
Diskusiya şəklində davam edən görüşdə gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb.
Akif AĞAYEV