“Qərbi Azərbaycan torpaqlarına da qayıdış olacaq” – Müşfiq Məmmədli
“Prezident İlham Əliyevin Bakıda Aşıq Ələsgərin abidəsinin açılışı zamanı etdiyi çıxış Azərbaycan xalqının tarixə, mədəniyyətə və milli irsə bağlılığını bir daha nümayiş etdirdi. Aşıq Ələsgərin adı, yaradıcılığı və onun simasında əks olunan Vətən sevgisi əsrlər boyu xalqımızın yaddaşında yaşayıb və yaşayacaq. Prezident İlham Əliyevin Aşıq Ələsgərin xatirəsini əbədiləşdirmək üçün imzaladığı iki mühüm sərəncam xalqımızın öz dəyərli şəxsiyyətlərinə olan hörmətinin ən gözəl nümunəsidir”.
QHT.az bildirir ki, bu fikirləri millət vəkili Müşfiq Məmmədli səsləndirib. Müşfiq Məmmədli qeyd edib ki, Aşıq Ələsgərin ömür yolu Azərbaycanın qədim torpaqları olan Göyçə mahalında başlayıb və onun yaradıcılığı bu gün də xalqımızın qəlbində əvəzsiz izlər buraxmaqdadır. Lakin erməni vandalizmi nəticəsində o, doğma torpaqlarını tərk etməyə məcbur qaldı. Göyçə mahalına olan sevgisi 97 yaşında olmasına baxmayaraq, onu yenidən doğma yurduna qayıtmağa vadar etdi. Bu, millətimizin torpağa, Vətənə bağlılığını göstərir.
“XX əsrdə üç deportasiyaya məruz qalan Azərbaycan xalqı bu ədalətsizliklərə baxmayaraq, öz dədə-baba torpaqlarına qayıtmaq əzmini itirməyib. Qarabağın işğaldan azad olunması bu iradənin ən bariz nümunəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, xalq-iqtidar birliyi və Azərbaycan xalqının sarsılmaz ruhu bu Zəfəri mümkün etdi. Biz inamla deyə bilərik ki, Qərbi Azərbaycan torpaqlarına da eyni qayıdış baş verəcək, çünki xalqımızın bu məsələdəki iradəsi sarsılmazdır”, – deyə millət vəkili əlavə edib.