Azərbaycanda ali təhsilin inkişafı və beynəlxalq əməkdaşlıq gücləndirilir - FOTOLAR
Erasmus+ UniClad layihəsi çərçivəsində keçirilən tədbir ali təhsilin inkişafı və beynəlxalq əməkdaşlıq sahəsində əhəmiyyətli müzakirələr və təkliflərlə yadda qaldı. Tədbirdə iştirakçılar bir sıra prioritet mövzulara toxundular.
QHT.az xəbər verir ki, tədbirdə Erasmus proqramının ölkəmizdə ali təhsilin inkişafına verdiyi töhfələr müzakirə edildi. Bu sahədə qazanılmış təcrübələr və gələcək imkanlar haqqında fikir mübadiləsi aparıldı. Ukraynada müharibə qurbanları üçün həyata keçirilən Beynəlxalq Kollektiv Bağçılıq Terapiyası (ICHT) və İtaliyanın DJAS Salento Kollektivi tərəfindən görülən ərazi tədbirləri ilə bağlı təqdimatlar iştirakçılar tərəfindən maraqla qarşılandı. Bu təqdimatlar böhranlara yerli və beynəlxalq səviyyədə verilən cavablar baxımından böyük əhəmiyyət kəsb etdi.
Tədbirin davamında yerli nümayəndələr, rektorlar və Erasmus+ ofisinin təmsilçiləri dəyirmi masa arxasında gələcək əməkdaşlıqlar və perspektivləri müzakirə etdilər. B2B formatında keçirilən görüşlər tərəfdaşlıqların daha da gücləndirilməsi məqsədini daşıyırdı. Günün ikinci yarısında Moldova Texniki Universitetinin (UTM) nümayəndə heyəti – rektor Viorel Bostan, prorektorlar Vladislav Resitca və Daniela Pojar, Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Nina Putuntean Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) təhsil səfəri çərçivəsində rektor Ədalət Muradov ilə görüşdülər. Görüş zamanı tərəflər yaxşı təcrübələrin bölüşdürülməsi və gələcək birgə layihə və tədqiqat imkanlarının araşdırılması məsələlərini müzakirə etdilər.
Görüşün ən önəmli məqamlarından biri isə gələcək institusional əməkdaşlığın təməlini qoyan Anlaşma Memorandumunun imzalanması oldu. Bu, hər iki ali təhsil müəssisəsi arasında birgə əməkdaşlıq və layihələrin həyata keçirilməsinə imkan yaradacaq.
Pərvanə Fərhadqızı
QHT.az