Azərbaycanda QHT-lər proseslərə öz töhfələrini verirlər – Nədimə Rəhimli ATƏT-in sessiyasından səsləndi / VİDEO
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisinin dəstəyi ilə ATƏT sədrliyi yanında Varşava İnsan Ölçüsü Konfransı keçirilir.
Konfransın “Milli, regional və yerli səviyyədə demokratiya” sessiyasında "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli çıxış edib. QHT.az çıxışın mətnini və videoyazısını təqdim edir.
Təşəkkürlər xanım sədr,
Vətəndaş cəmiyyəti nümayəndəsi olaraq, sizin diqqətinizi QHT-lərin milli, regional və yerli səviyyədə - demokratiya proseslərində rolundan söz açmaq istərdim. Qeyri-hökumət təşkilatları (QHT-lər) vətəndaşların iştirakını təşviq etmək, hökumətləri hesabatlı olmağa çağırış etmək və insan haqlarını qorumaqla bir çox ölkələrdə demokratik proseslərin dəstəklənməsi və inkişaf etdirilməsində mühüm rol oynayır.
Təmsil etdiyim ölkə kontekstində də QHT-lər bütün qeyd olunan səviyyələrdə bu proseslərə öz töhfələrini verirlər.
Onlar ilk növbədə insan hüquqları, ətraf mühitin mühafizəsi, sosial ədalət, gender bərabərliyi kimi müxtəlif məsələlərin təbliğatçısı və müdafiəçisi kimi çıxış edirlər. Araşdırma, lobbiçilik və kampaniyalar vasitəsilə siyasi islahatlara və demokratik institutların inkişafına təkan verirlər. Onlar beynəlxalq demokratik standartlara uyğun gələn qanunvericiliyə dəyişiklikləri tövsiyə etmək üçün dövlət qurumları ilə sıx əməkdaşlıq edirlər. QHT-lər vətəndaşları öz hüquqları, demokratik iştirakın vacibliyi, səsvermə və vəkillik də daxil olmaqla siyasi proseslərdə necə iştirak etmələri barədə maariflənməyə yönəlmiş proqramlar həyata keçirirlər.
Seçkilərin monitorinqi bəzi QHT-lərin əsas faəliyyət istiqamətlərindən biridir. Təkcə son parlament seçkilərində bir neçə QHT-nin 5500 nümayəndəsi seçkilərdə müşahidəçi kimi iştirak edib.
Növbəti QHT-lərin fəaliyyəti isə, sessiyanın başlanğıcında hörmətli məruzəçi, xanım Helganın dediyi kimi - sosial xidmətlərin həyata edilməsidir. Belə ki, bir çox QHT, xüsusən də dövlət xidmətlərinin olmadığı və ya azlıq təşkil etdiyi sahələrdə mühüm sosial xidmətlər həyata keçirir.
Məsələn, mənim təmsil etdiyim “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi təhsil, səhiyyə, əlillik hüquqları və vaxtilə Qarabağ münaqişəsi nəticəsində məcburi köçkün olmuş şəxslər üçün müxtəlif xidmətlər icra edir. Sosial xidmətlər göstərməklə, QHT-lər hökumət proqramlarındakı boşluqları doldurmağa dəstək göstərir, həmçinin qərarların qəbulu və problemlərin həlli prosesində yerli icmaları cəlb etməklə demokratik əlaqəni gücləndirir.
Yekunda bir məsələni qeyd etmək istərdim: Bir neçə dəfə burada, eləcə də öncəki sessiyada ölkəmin, Azərbaycanın adını eşitdik. Dünən baş tutan açılış mərasimində, eyni zamanda rəsmi qəbulda Daimi Şuranın sədrinin dediyi bir sitatı xatırlatmaq istərdim: “Mükəmməl ölkə yoxdur”
Mən öz adımdan bu sitatla tamamilə razıyam. İstər ölkələrin rəsmi nümayəndə heyəti, istər vətəndaş cəmiyyəti, istərsə də insan haqları təşkilatlarının nümayəndəsi olaraq hər birimiz özümüzə xatırlatmalıyıq ki, təmsil etdiyimiz ölkələrin heç biri mükəmməl deyil.
Amma təbii ki, mükəmməl olmamaq problem deyil. Əsas problem daha yaxşı olmaq, mükəmməl olmaq üçün heç bir hərəkət edilmədikdə yaranır. Məsələnin yaxşı tərəfi odur ki, bu gün ölkə daxilində fəaliyyət göstərən və yalnız xaricdən danışmaqla kifayətlənməyən vətəndaş cəmiyyəti təşkilatları, QHT-lər müxtəlif mövzularda, hökumət qarşısında problemi qaldırmaq və hökumət tərəfindən dinlənilmələrini təmin etmək üçün kifayət qədər potensial və iradəyə malikdirlər.
Diqqətiniz üçün təşəkkür edirəm.