Vahid Tağıyev: "40 illik fəaliyyətimdə təhsilə xidmət etmək mənim həyatımın mənası olub"

Uzun illər təhsil sektorunda çalışmış Vahid Tağıyev, 65 yaşını qeyd edərək əmək fəaliyyətinə son qoydu. Onun işdən ayrılması münasibətilə İmişli rayonunda təşkil olunan tədbirdə təhsil sahəsinin nümayəndələri, rayon rəhbərliyi və qabaqcıl müəllimlər iştirak ediblər.

QHT.az xəbər verir ki, Vahid Tağıyev tədbirdə çıxış edərək bildirib ki, 40 ilə yaxın idarəetmədə çalışsa da, heç vaxt kiməsə təmənnalı yanaşmayıb, həmişə təhsilin inkişafına töhfə verməyə çalışıb. O, təhsil işçilərinin problemlərini müdafiə etdiyini və onların haqlarını qorumaq üçün hər zaman ədaləti müdafiə etdiyini vurğulayıb.

İmişli Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Təhsil İdarəsi və digər qurumlar tərəfindən təltif edilən Tağıyev, çıxışında həmkarlarına dərin minnətdarlığını bildirib. Tədbir zamanı Vahid Tağıyev dəyərli iş yoldaşlarının səmimi təbriklərini qəbul edib və onların göstərdikləri hörmətə görə minnətdar olduğunu ifadə edib.

Təhsil sektorunda qazandığı təcrübə və dostluqları vurğulayan Vahid Tağıyev tədbirdə hamıya sağlamlıq və uğurlar arzu edib, təhsilə verdiyi töhfələrin daim onun həyatının mənası olduğunu söyləyib.

 

Pərvanə Fəhadqızı

QHT.az