QHT sədri vergi ödəyiciləri ilə DVX arasında görüşdən danışdı - FOTOLAR

Dövlət Vergi Xidmətinin (DVX) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyiciləri ilə görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşdə DVX-nin Vergi Ombudsmanı Xidməti Baş İdarəsinin rəisi Arif Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Ülkər Süleymanova və bir sıra qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri iştirak ediblər.

Görüşdə iştirak edən “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva bildirib ki, tədbirin məqsədi vergi ödəyicilərinin qarşılaşdığı çətinlikləri müzakirə etmək, onların hüquq və vəzifələri haqqında maarifləndirmə aparmaq və mövcud problemlərin həll yollarını birgə axtarmaq olub: "Görüş zamanı iştirakçılar vergi siyasətinin təkmilləşdirilməsi, QHT-lərin fəaliyyətinə dəstək göstərilməsi və şəffaflıq məsələlərini ətraflı müzakirə ediblər".

QHT sədri bu cür görüşlərin vergi ödəyicilərinin biliklərinin artırılması və dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığın inkişafı baxımından mühüm rol oynadığını qeyd edib: "Görüş səmərəli müzakirələrlə yadda qalıb və iştirakçılar bu cür tədbirlərin mütəmadi təşkil olunmasının vacibliyini vurğulayıblar".

 

Pərvanə Fərhadqızı