"Əməkhaqqının artırılması maddi irəliləyişə səbəb olacaq" - İlqar Hüseynli 

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a özəl açıqlamasında minimum əməkhaqqının artırılmasının iqtisadi təsirləri ilə bağlı fikirlərini bildirib. O, qeyd edib ki, bazarda pul kütləsinin çoxluğu istehlak mallarında bahalaşmaya səbəb ola bilər:

"Bazarda nə qədər pul kütləsinin çoxluğu müşahidə olunacaqsa, təbii ki, müəyyən qədər istehlak mallarında, ərzaq və digər mallarda bahalaşmaya gətirib çıxarır. Amma inflyasiyanın faiz dərəcəsi illərə görə dəyişir. Bu səbəbdən minimum əməkhaqqının artırılmasını sırf qiymət artımı ilə əlaqələndirmək doğru olmaz. Çünki artım kifayət qədər böyük deyil. 340 manat olan minimum əməkhaqqının 400 manata qaldırılması dövlət və özəl sektorda çalışanların maddi vəziyyətində müəyyən irəliləyişlərə səbəb olacaq."

İlqar Hüseynli vurğulayıb ki, bu artım sosial proqram kimi qəbul edildiyi halda, dövlət büdcəsinə sosial ödəmələrin və vergi ehtiyatlarının artımını da təmin edəcək:

"Özəl sektorda bəzi hallarda əməkhaqlarının yalnız minimum məbləği rəsmiləşdirilir və əlavə məbləğ qeyri-rəsmi ödənilir. Əgər bu məsələlər tənzimlənsə, Dövlət Sosial Müdafiə Fondunun və vergi fondlarının ehtiyatlarının artımına da müsbət təsir edəcək. Minimal əməkhaqqının artırılması həm iqtisadi, həm də sosial baxımdan mühüm bir addımdır."

Ekspert həmçinin qeyd edib ki, artımın miqdarı böyük olmasa da, əmək bazarında sosial müdafiə baxımından əhəmiyyətli rol oynayır.

 

Pərvanə Fərhadqızı

QHT.az