Minimum əməkhaqqı və pensiyaların artımının iqtisadi təsirləri - Elşad Məmmədovdan MÜSAHİBƏ

Azərbaycanda sosial siyasətin inkişafı çərçivəsində minimum əməkhaqqı və pensiyaların artırılması məsələsi daim gündəmdədir. Bu artımların iqtisadi təsirləri, o cümlədən inflyasiya, özəl sektorun maliyyə vəziyyəti və əmək bazarındakı rəqabət mühiti kimi mövzular geniş müzakirə olunur. Bu məsələlərlə bağlı İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az-a verdiyi müsahibədə əhəmiyyətli fikirlər səsləndirib.

 

QHT.az: Minimum əməkhaqqı və pensiyaların artımının inflyasiyaya təsirləri haqqında nə deyə bilərsiniz?

Elşad Məmmədov: Minimum əmək haqlarının və pensiyaların artımının inflyasiyaya təsirləri zənnimcə, gözlənilmir. Çünki Azərbaycandakı inflyasiya pul kütləsinin artımı ilə bağlı olan inflyasiya deyil. Azərbaycanda təklif inflyasiyası, yəni xərclərin istehsal prosesi zamanı baha olması ilə bağlı olan inflyasiya müşahidə edilir. Ona görə də burada söhbət minimum əmək haqları ilə pensiyalarla bağlı olan artım inflyasiyaya hansısa təsirlərindən getmir. Sadəcə olaraq, son nəticədə istənilən halda pulun iqtisadiyyatda artması, pul həcminin artması ilə paralel investisiyalarda, yəni istehsala yönəlik proseslər də həyata keçirilməlidir. Ona görə də mən düşünürəm ki, burada əsas məqamlardan biri odur ki, pul, kredit siyasəti yumşalmalı investisiyaların həcmi də artırılmalıdır.

 

QHT.az: Minimum əməkhaqqı artımının özəl sektora təsirini necə görürsünüz?

Elşad Məmmədov: Minimum əməkhaqqının özəl sektor şirkətlərinə, təzyiqinə, mənə elə gəlir ki, əksinə, özəl sektorda çalışanlar da və özəl sektorda işəgötürənlərdə əmək haqlarını artırmalıdır. Çünki son nəticədə bu, motivasiya deməkdir. Əks halda özəl sektorda əmək haqları artmasa, bu  işçilərdə demotivasiyaya səbəb olacaq və əməyə motivasiya edəcək və o da elə işəgötürənlərin problemlərini dərinləşdirmiş olacaq.

 

QHT.az: Sizcə, özəl sektorda maaşların artırılması əmək bazarındakı rəqabətə hansı təsiri göstərəcək?

Elşad Məmmədov: Özəl sektorda maaşların artırılması əmək bazarında rəqabətə müsbət təsir göstərməlidir. Çünki son nəticədə maaşların, əmək haqlarının artımı daha hazırlıqlı mütəxəssislərin bazarda olmasına təkan verməlidir. Bu da inkişafa və rəqabət mühitinin təkmilləşdirilməsinə müsbət təsir göstərən amillərdən biri kimi olmalıdır.

 

QHT.az: Bu artımlar hansı əlavə fiskal tədbirlər tələb edə bilər?

Elşad Məmmədov: Artımların əlavə fiskal tələb etməsi gözlənilmir. Çünki bu artımlar hamısı büdcədə nəzərdə tutulub və büdcə icrası ilə bağlı hansısa problemlər gözlənilmir. Əksinə, mən hesab edirəm ki, büdcə xərclərinin artımına ehtiyac var, bunun üçün müvafiq fiskal baza imkan verir. Büdcə kəsirinin hələ artımı ilə bağlı potensial var və digər tərəfdən, mən hesab edirəm ki, biz pul kütləsinin artımı vasitəsilə ölkə iqtisadiyyatındakı pulun həcminin artırılmasına nail olmalıyıq. Çünki pul çatışmazlığı mövcuddur. İndi görülən bu tədbirlər indiyə qədər son yeddi il müddətində görülən sosial yönümlü tədbirlər, bunların hamısı, sözsüz ki, iqtisadiyyata təkandır, əhalinin sosial baxımdan həssas kateqoriyalarının müdafiəsidir, amma eyni zamanda pul kütləsini artırıb, investisiyaların həcmini artırıb, iqtisadiyyata müvafiq inkişaf təkanının gücləndirilməsi, zənnimcə, həyata keçirilməlidir.

 

Pərvanə Fərhadqızı

QHT.az