Xocalı Soyqırımı – Tarixin ən dəhşətli faciələrindən biri: QHT üzvü yazır

Cahanda analoqu olmayan bir cinayət aktı, qətliamdır – Xocalı Soyqırımı.

O qədər soyuqqanlılıq və qəddarlıqla törədilmiş bir soyqırım hadisəsidir ki, illər, əsrlər keçsə belə, bu vandalizm unudula bilməz. Çünki bu müharibə deyildi, günahsız insanların, dinc əhalinin, körpələrin, qocaların, qız-gəlinlərin qanına vəhşicəsinə susamaq idi. Bu misli görünməmiş faciəni isə yer üzündə yalnız mənfur erməni terrorçuları törədə bilərdi və necə ki, bunu etdilər.

Tarixə öz murdar adlarını işğalçı və vandal kimi yazdırmağı bacaran bu cinayətkarları heç vaxt bağışlamaq, onların əməlini yumşaltmaq olmaz. Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı Soyqırımından 33 il ötür. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.

Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd göstərdi. Şəhəri tərk edən əhali pusquya salındı və Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldu. Yalnız çox az sayda insan Azərbaycanın nəzarətində olan Ağdam şəhərinə çata bildi.

Xocalı Soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaq idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirdi.

Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb.

Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə və strateji önəmə malik Xocalı şəhəri işğal nəticəsində xarabalığa çevrildi. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayətləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdıldı. Bununla yanaşı, XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan edildi, qəbiristanlıqlar vandalların hücumuna məruz qaldı, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silindi.

Bu soyqırım faktı danışıldıqca insanın gözləri önündə canlanır və özündən asılı olmayaraq nifrət hissi oyadır. Xocalı Soyqırımı beynəlxalq cinayətdir. “Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnaməsi ilə qəbul edilən “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilmişdir. Soyqırımı cinayəti üçün xüsusi niyyətin olması zəruri element sayılır. Azərbaycanda aparılan rəsmi istintaq nəticəsində beynəlxalq hüquqa əsasən Xocalıda mülki əhaliyə qarşı aparılmış hücumların soyqırım aktı olduğu sübuta yetirilib.

Bütün bunları görən mənfur düşmən də oxuyub dərk edə bilirmi? Əgər dərk etsəydi, Xocalı Soyqırımına görə bütün dünya dövlətlərindən üzr istəməli idi. Əfsuslar olsun ki, Xocalı Soyqırımına beynəlxalq müstəvidə ədalət hələ də tam əldə olunmayıb. Xocalı Soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır! Xocalı faciəsi təsadüfi hadisə deyil. Bu faciəni törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Amma bu gün az da olsa ürəyimizdə bir rahatlıq var. “Xocalı şəhidlərinin qanı yerdə qalmadı” deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz xalqına mənəvi güc vermiş oldu. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Karneqi Analitik Agentliyinin əməkdaşı Tomas de Vaala verdiyi müsahibəsində qeyd edib: “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik. Belə də oldu. Onu da nəzərə almaq lazımdır ki, onlar arasında Bakıdan, Sumqayıtdan qaçanlar da var idi.”

Lakin 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, möhtəşəm qələbə sevinci yaşadıq. Vətən yenidən bütövləşdi. Nə qədər ki canımızda can var, bu vandalizm aktının, misli görünməmiş qətliamın bütün dünya dövlətləri tərəfindən tanınması üçün səylərimizi əsirgəməyəcəyik.

Ümid edirik ki, bu soyqırımın müəllifləri tarix məhkəməsi qarşısında cavab verəcəklər.

Allah bu yolda canını fəda etmiş bütün şəhidlərimizə rəhmət etsin.

 

Nəhayət Şirinova 
ADPU Quba filialı, Heydər Əliyev Lektoriyasının müdiri. 
"Vətən Naminə" İB-nin üzvü