Nazir müavini Anar Kərimov şəhid Rəşad Zeynallının ailəsini ziyarət edib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov şəhid Rəşad Zeynallının ailəsi ilə görüşüb.

 

Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid Rəşad Zeynallı “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

 

Görüşdə şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.

 

Şəhid Rəşad Zeynallının ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən üçotaqlı mənzillə təmin edilib. Ailəyə birdəfəlik sığorta ödənişi verilib. Həmçinin şəhid ailəsi aylıq sosial ödənişlə təmin edilir. Şəhidin ailə üzvünün məşğulluğuna dəstək də göstərilib.

 

Anar Kərimov şəhidlərimizin, o cümlədən Rəşad Zeynallının xatirəsinin əbədi olaraq qəlbimizdə yaşayacağını, ailəsi ilə bağlı sosial dəstək tədbirlərinin qarşıdakı dövrdə də davam edəcəyini vurğulayıb.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!