Yer kürəsi üçün görünməz təhlükə – QHT sədri məsələyə diqqət çəkir

QHT.az xəbər verir ki, Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova kosmik tullantılar mövzusunda mühüm açıqlama verib. O, insanların Yer kürəsini çirkləndirməklə kifayətlənmədiyini, artıq kosmosa da ciddi zərər verdiyini bildirib.

Onun sözlərinə görə, insanlar kosmosa ayaq açandan bəri açıq kosmos da tullantılarla dolmağa başlayıb:

"Bu tullantılar – yəni kosmik zibillər – artıq heç bir faydalı funksiyası olmayan və orbitdə fırlanan cisimlərdir. Onların ilk nümunəsi isə Sputnik 1 peykidir. Bu peyk iki ay fəaliyyət göstərdikdən sonra ilk kosmik tullantıya çevrilib. Bu tullantılar əsasən raket mühərriklərindən ayrılan tozlar, peyklərdən yayılan soyuducular və müxtəlif texniki materiallardan ibarətdir. Hazırda orbitdə 47 mindən çox böyük tullantı və milyonlarla kiçik parça olduğu qeyd edilir. Bu kiçik hissəciklər isə yüksək kinetik enerjiyə malik olub, metalı belə deşmək gücünə sahibdir".

İradə Həsənova əlavə edib ki, bu tullantıların bir çoxu SSRİ dövründən qalma peyklər və kosmik gəmi hissələridir:

“Bu zibillərin sürəti saatda 30-70 min kilometrə qədər çatır və onların başqa cisimlərlə toqquşması bəşəriyyət üçün ciddi fəlakətlərə səbəb ola bilər. NASA tərəfindən bu tullantıları izləmək üçün xüsusi peyklər istehsal olunub. Kosmik zibillər ölçü baxımından fərqli olsa da, əsas hissəsi 1-10 sm arasında dəyişir və bu da onları daha təhlükəli edir. Təəssüflər olsun ki, kosmik tullantılarla mübarizə aparmaq hazırda mümkün deyil və elm adamlarının təqdim etdiyi nəzəriyyələr hələlik kağız üzərində qalır. Hər həftə təxminən 2 ton kosmik tullantı Yer kürəsinə yağır".

Bundan əlavə, İradə Həsənova bu tullantıların mülki aviasiya üçün də təhlükə yaratdığını vurğulayıb:

“Hal-hazırda orbitdə 2300-dən çox raket qalığı var. Bu tullantılar atmosferə daxil olaraq mülki aviasiya üçün ciddi təhlükə yarada bilər. Təəssüf ki, bu barədə bəşəriyyətin geniş məlumatı yoxdur. Bu problemin ciddiliyini çatdırmaq üçün kütləvi informasiya vasitələri və ekoloji sahədə ixtisaslaşan QHT-lər maarifləndirmə işlərinə cəlb olunmalıdır. Unutmayaq ki, Yer kürəsi bizim hamımızın evidir. Onu qorumaq hər birimizin borcudur.”

 

Pərvanə Fərhadqızı

QHT.az