Aprelin 15-i Beynəlxalq Mədəniyyət Günüdür – QHT sədri mədəniyyətin rolunu vurğuladı

Bu gün aprelin 15-i dünyada Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur.

İz Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin sədri Fəridə Mirişova QHT.az-a açıqlamasında bildirib ki, əslində bu gün, bəşəriyyətin ortaq dəyərləri, ənənələri və yaradıcılığı əhatə edən mədəniyyətin əhəmiyyətini xatırlamaq və təşviq etmək üçün gözəl bir fürsətdir:

“Azərbaycanın  zəngin və qədim mədəni irsinii qorumaqla yanaşı, onu müasir çağırışlara uyğun şəkildə inkişaf etdirməliyik. Mədəniyyət, yalnız keçmişin yaddaşı deyil, həm də gələcəyin təməlidir. O, tolerantlığın, multikulturalizmin, insan hüquqlarının və ictimai həmrəyliyin təminatçısıdır. Azərbaycanın tarix boyu müxtəlif mədəniyyətlərin qovşağında yerləşməsi bu missiyanı daha da əhəmiyyətli edir.”

Fəridə Mirişova vurğulayıb ki, vətəndaş cəmiyyəti institutlarının, xüsusilə də onun rəhbərlik etdiyi təşkilatın bu istiqamətdə fəaliyyəti olduqca önəmlidir:

“Biz mədəniyyətin yalnız dövlət proqramları ilə deyil, cəmiyyətin fəal iştirakı ilə inkişaf etdirilə biləcəyinə inanırıq. Əgər konkret olaraq mənim rəhbərlik etdiyim təşkilatdan danışırıqsa  biz öz fəaliyyətimizi mədəni irsin qorunması, yaradıcılığın dəstəklənməsi və ictimai şüurun inkişafı istiqamətində qururuq. Təşkilat olaraq inanırıq ki, cəmiyyətin inkişafı üçün mədəniyyət təkcə keçmişə bağlılıq deyil, gələcəyə körpüdür. Mədəniyyət yalnız qorunası bir dəyər deyil, həm də cəmiyyətin inkişafı üçün hərəkətverici qüvvədir. Bu gün bizə bu məsuliyyəti bir daha xatırladır.”

 

 

Pərvanə Fərhadqızı

QHT.az