"Vətəndaş bilməlidir ki, qanun çərçivəsində hüququ nədir" – İradə Rizazadə

"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü İradə Rizazadə QHT.az-a açıqlamasında ictimai şuraların fəaliyyət prinsipləri, vətəndaş cəmiyyəti ilə dövlət qurumları arasında əməkdaşlıq və maarifləndirmə işlərinin əhəmiyyətindən danışıb.

QHT sədri bildirib ki, İctimai Şuraya üzv olmaq yalnız seçkiyə qatılmaqdan ibarət deyil, bu fəaliyyətin mahiyyəti və cəmiyyətə verə biləcək töhfələr ön planda olmalıdır:

“Seçkidə qalib gəlmişəm və düşünürəm ki, hər bir kəs İctimai Şuraya namizədliyini verəndə bu sualı özünə verməlidir: mən orada hansı işi görə bilərəm? Mən seçicilərimə də demişdim ki, əgər mənə səs verirsinizsə, deməli siz də özünüzə sual verməlisiniz ki, niyə səs verirsiniz və nə gözləyirsiniz?”

İradə Rizazadə İctimai Şuranın əsas missiyasının dövlət qurumları ilə vətəndaşlar arasında bağlayıcı rol oynaması olduğunu vurğulayıb. Onun sözlərinə görə, Şura üzvləri yeni qəbul olunmuş qanunların vətəndaşlara təsiri, ictimai narazılıqların aradan qaldırılması və sosial layihələrin icrası ilə bağlı mühüm töhfələr verə bilər:

“Bizim əsas məqsədimiz vətəndaşlara dövlət tərəfindən qəbul edilən qərarları, qanunları düzgün və səmərəli şəkildə izah etmək, onları maarifləndirməkdir. Çünki vətəndaş nəyi bilmirsə, o zaman narazılıq artır. Biz isə bu narazılığı aradan qaldırmaq üçün məlumatlandırma işləri görürük.”

O həmçinin bildirib ki, QHT-lər və media bu işdə əsas tərəfdaşlardır:

“Media bizim fəaliyyətimizin cəmiyyətə çatdırılmasında çox mühüm rol oynayır. Biz QHT-lər olaraq etdiyimiz işləri həm dövlət qurumlarına, həm də vətəndaşlara düzgün təqdim etmək üçün medianın köməyindən faydalanırıq.”

İradə Rizazadənin fikrincə, İctimai Şuranın gücü onun içindəki müxtəlif ictimai institutların – QHT-lər və medianın birgə əməkdaşlığı ilə daha da artır və bu, dövlət və cəmiyyət münasibətlərində etimad körpüsünü daha möhkəm edir.

 

Pərvanə Fərhadqızı