"Uşaqlara qarşı zorakılıqla mübarizə yalnız birlikdə mümkün olar" – MÜSAHİBƏ

Son dövrlər sosial mediada uşaqlara qarşı zorakılıq hallarının daha tez-tez gündəmə gəlməsi bu sahədə atılmalı olan addımların nə qədər vacib olduğunu bir daha göstərir. Mövzunun aktuallığını nəzərə alaraq QHT.az saytı olaraq Ailə və Uşaqlara Sosial Dəstək İctimai Birliyinin rəhbəri Elnurə Abuşova ilə müsahibə apardıq.

 

QHT.az: Son dövrlər sosial mediada uşaqlara qarşı psixoloji və fiziki zorakılıq halları daha çox görünür. Sizcə, cəmiyyət və xüsusən valideynlər bu hallara qarşı nə qədər həssasdır?

Elnurə Abuşova: Son illər sosial mediada uşaqlara qarşı psixoloji və fiziki zorakılıq hallarının daha çox ifşa olunması bu problemin ciddiliyini bir daha gündəmə gətirir. Bu hallar uzun müddət cəmiyyətin gözündən kənarda qalsa da, artıq ictimaiyyətin diqqətindədir. Valideynlərin bir qismi bu mövzuda kifayət qədər həssas və məlumatlı olsa da, hələ də maarifləndirməyə ehtiyac duyan geniş bir təbəqə var. Cəmiyyətin bu hallara münasibəti getdikcə daha qətiyyətli və qınayıcı xarakter alsa da, təəssüf ki, bəzi hallarda laqeydlik və "ailə işi" kimi qəbul olunma meylləri qalır. Uşaqlara qarşı zorakılıq hallarına qarşı tam və davamlı mübarizə yalnız ailə, cəmiyyət və dövlətin birgə səyi ilə mümkün ola bilər. Valideynlər ilk növbədə övladlarının hüquqlarını bilməli, onların psixoloji və fiziki rifahına qarşı hər cür təhdidə qarşı ayıq olmalıdırlar. Bütün bunlar üçün valideyn övladı ilə dost olmağı bacarmalıdır. 


QHT.az: Uşaqların sosial müdafiəsi sahəsində Qeyri-Hökumət Təşkilatlarının rolu sizcə nədən ibarətdir?

Elnurə Abuşova: Uşaqların sosial müdafiəsində Qeyri-Hökumət Təşkilatlarının (QHT-lərin) rolu əvəzsizdir. QHT-lər cəmiyyətin müxtəlif təbəqələri ilə birbaşa işləmək imkanına malik olduqları üçün uşaqlara qarşı zorakılıq, ayrı-seçkilik, istismar və laqeydlik hallarının qarşısının alınmasında mühüm rol oynayırlar. Onlar həm hüquqi, həm psixoloji dəstək göstərməklə, həm də maarifləndirici kampaniyalar keçirməklə bu sahədə mühüm boşluğu doldururlar. QHT-lər istər sosial şəbəkə üzərindən, istərsə də özlərinin şəxsi  informasiya mənbələrindən risk altında olan uşaqları müəyyənləşdirərək onların hüquqlarının qorunması istiqamətində dövlət qurumları ilə əməkdaşlıq edir, eyni zamanda qanunvericiliyin təkmilləşdirilməsinə dair təşəbbüslərlə çıxış edirlər. Belə addımla qht-lər cəmiyyətin uşaqlara daha həssas yanaşmasına töhfə verir və sosial müdafiə sisteminin daha çevik, əhatəli olmasına kömək edirlər.

Fürsətdən istifadə edib cəmiyyəti və dövlət qurumlarını sahəvi QHT-lərlə daha sıx əməkdaşlığa səsləyirəm.

 

 

QHT.az: Elnurə xanım müsahibə üçün vaxt ayırdığınız üçün təşəkkür edirik. Uşaqların hüquqlarının qorunması və sosial müdafiəsi sahəsindəki fəaliyyətlərinə uğurlar arzulayırıq. Sağ olun!

 

 

Pərvanə Fərhadqızı

QHT.az