"Bu modul yalnız hesabat üçün deyil, real ictimai nəzarət üçün qurulmalıdır" - Əliməmməd Nuriyev

Azərbaycan Respublikası Prezidentinin 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının icrasını izləmək məqsədilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılacaq Layihə İdarəetməsi və Hesabatlılıq Modulunun yalnız texniki deyil, həm də hüquqi və sosial aspektlərdə funksional və şəffaf olması əsas şərt kimi qiymətləndirilir.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev QHT.az-a açıqlamasına görə, bu modulun uğurla tətbiqi üçün ictimai nəzarət və vətəndaşların birbaşa iştirakı təmin olunmalıdır. O bildirib ki, texnologiyaya inam yalnız dövlət nəzarəti ilə deyil, cəmiyyətin aktiv iştirakı ilə mümkün olacaq. Əliməmməd Nuriyevin fikrincə, texnologiyaya inam ictimai nəzarətlə başlayır və bu səbəbdən vətəndaşların da modula rəy verməsi, təklif irəli sürməsi və hətta mümkün risklər barədə xəbərdarlıq etməsi imkanları təmin olunmalıdır:

"Bir sıra hallarda qərarların qəbul edilməsi prosesində ictimai iştirakçılıq artırılmalıdır. İctimai nəzarətlə bağlı məsələlər də həll olunmalıdır. Mən hesab edirəm ki, strategiyanın icrası zamanı yalnız dövlət strukturlarının apardığı monitorinqlər deyil, ictimai monitorinqlər də çox vacibdir. Bu həm ictimai nəzarətin bir forması, həm də şəffaflığın təminatıdır. Çox vaxt sual verilir: bu modul texniki cəhətdən necə işləyəcək? Bu artıq texniki detal olsa da, qısaca deyim ki, modul müxtəlif dövlət sistemlərinə bağlı olacaq. Məsələn, Statistika Komitəsi, ASAN xidmət, myGov və digər platformalara. Layihəyə aid hər bir məlumat – istər texniki göstərici, istərsə də vətəndaş müraciətləri – sistemə ötürüləcək və avtomatik təhlil olunacaq. Eyni zamanda, etik uyğunluq, fərdi məlumatların qorunması və qiymətləndirilməsi modulları da bu sistemə inteqrasiya ediləcək".

Sonda Əliməmməd Nuriyev vurğulayıb ki, açığı, texniki imkanlar qədər vacib olan bir məsələ var – bu da sistemin arxasında duran insanların məsuliyyətidir, bu, əsas təyinedici faktordur:

"Modulun uğurlu olması üçün ilk növbədə məsuliyyət, şəffaflıq və cəmiyyətin iştirakı lazımdır. Biz bu modulu yalnız hesabat üçün deyil, real nəzarət üçün qurmalıyıq. Əgər vətəndaş sistemə güvənməzsə, bu texnologiyanın heç bir mənası olmayacaq. Gəlin açıq danışaq: texnologiyanın gücü böyükdür, amma onun əxlaqı yoxdur. Əxlaqı biz formalaşdırmalıyıq. Əgər süni intellektin verdiyi qərarın “niyə belədir?” sualına cavab verə bilməsək, sabah bu sistemin qarşısında dayanmaq çətin olacaq. Ona görə bu modulu həm texniki, həm hüquqi, həm də mənəvi baxımdan dayanıqlı şəkildə qurmalıyıq".

 

Pərvanə Fərhadqızı