"Səssiz düşmənə qarşı səssiz qalmaq olmaz" – Gənclərlə maarifləndirici görüş keçirildi - FOTOLAR

30 aprel 2025-ci il tarixində Bakı Gənclər Mərkəzinin təşəbbüsü və "Vərəmsiz Gələcəyə Doğru" İctimai Birliyinin təşkilatçılığı ilə vərəm xəstəliyinin profilaktikasına həsr olunmuş "Səssiz düşmənə qarşı səssiz qalmaq olmaz" adlı maarifləndirici görüş keçirildi.

QHT.az xəbər verir ki, tədbirdə bir araya gələn onlarla gənc, bu səssiz, lakin təhlükəli xəstəliklə mübarizə yolları barədə ətraflı məlumatlandırıldı. Görüş zamanı vərəmin ötürülmə yolları, əlamətləri, profilaktikası, erkən diaqnostikanın əhəmiyyəti və müalicə imkanları haqqında geniş təqdimat keçirildi. "Vərəmsiz Gələcəyə Doğru" İctimai Birliyinin direktoru çıxışında qeyd etmişdir ki, vərəm cəmiyyətin bütün yaş qruplarına təsir edə biləcək infeksion xəstəlikdir və onunla mübarizədə maarifləndirmə ən vacib silahdır.

Bakı Gənclər Mərkəzi bu təşəbbüsə xüsusi diqqət yetirərək, gənclərin sağlam həyat tərzinə yönəldilməsi və onların ictimai sağlamlıq mövzularında bilikləndirilməsi baxımından belə təşviqat işlərini zəruri hesab etdiyini bildirmişdir. Mərkəzin rəhbərliyi "Vərəmsiz Gələcəyə Doğru" İctimai Birliyinin fəaliyyəti ilə yaxından tanış olduqlarını və gələcəkdə də əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Tədbirdə iştirak edən gənclər mövzuya böyük maraq göstərmiş, təqdimat zamanı fəal iştirak etmiş, suallar vermiş və vərəm xəstəliyinin qarşısının alınması yolları ilə bağlı praktiki bilgilər əldə etmişlər. Onlar belə tədbirlərin mütəmadi keçirilməsinin zəruri olduğunu qeyd edərək, gələcəkdə də bu cür maarifləndirici fəaliyyətlərdə iştirak etməyə hazır olduqlarını bildirmişlər.

"Vərəmsiz Gələcəyə Doğru" İctimai Birliyi olaraq inanırıq ki, cəmiyyətin sağlam gələcəyi məhz məlumatlı və məsuliyyətli gənclərin formalaşmasından keçir. Bu səbəbdən, maarifləndirmə və profilaktika fəaliyyətlərimiz davam edəcək və daha geniş auditoriyalara çatmaq üçün əlimizdən gələni edəcəyik.