Azərbaycan QHT-ləri üçün beynəlxalq əməkdaşlıq imkanları genişlənir - VİDEO
EDNews-TV-nin yayımlanan verilişdə “Qlobal Cənub QHT Platforması”nın hazırda Baş Katibi funksiyasını icra edən Ramil İskəndərli yerli qeyri-hökumət təşkilatları üçün yaradılan yeni beynəlxalq perspektivlərdən danışıb.
QHT.az xəbər verir ki, jurnalist Gülşən Behbudun təqdimatında yayımlanan proqramda Ramil İskəndərli bildirib ki, Qlobal Cənub QHT Forumu çərçivəsində yerli təşkilatların beynəlxalq əlaqələrini gücləndirmək və təcrübə mübadiləsini artırmaq üçün unikal imkanlar formalaşıb:
"Bu il keçirilən forumda 116 ölkədən təxminən 200 QHT iştirak edib. Bu isə Azərbaycanın qeyri-hökumət təşkilatları üçün həm beynəlxalq aləmdə tanınmaq, həm də Qlobal Cənub ölkələrinin problemlərinin həllində fəal iştirak etmək baxımından önəmli addımdır. Yerli milli QHT-lər bu forumda iştirak etməklə beynəlxalq təcrübələrini artırırlar. Eyni zamanda Qlobal Cənub ölkələrinin QHT-ləri ilə əməkdaşlıq edərək, qlobal səviyyədə səslərinin eşidilməsinə dəstək verirlər. Azərbaycan bu platformanı yaratmaqla iqlim ədaləti, inklüzivlik kimi problemlərin gündəmə gətirilməsinə şərait yaradıb. Forumun ikinci günündə 10-a yaxın yerli QHT xarici təşkilatlarla memorandumlar imzalayıb. Bu sənədlər onların birgə fəaliyyətini təmin edəcək.”
Ramil İskəndərli həmçinin bildirib ki, forum çərçivəsində imzalanan memorandumlar gələcəkdə ortaq layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi və qlobal problemlərin həllinə yerli baxışların inteqrasiyası üçün hüquqi əsas rolunu oynayacaq:
"Bu təşəbbüs yerli QHT sektorunun beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirməklə yanaşı, Azərbaycanın və Qlobal Cənubun sosial problemlərinin həllinə dəstək məqsədi daşıyır".
Pərvanə Fərhadqızı