Zülfiyyə Nuriyeva: “Rəqəmsal dünyada insan alveri daha müasir formalar alıb”

“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyi insan alverinə qarşı mübarizədə fəallığını davam etdirir.

Təşkilatın sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında bildirib ki, onların rəhbərlik etdiyi ictimai birlik 2018-ci ildən etibarən Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi yanında yaradılmış İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvüdür. Bu müddət ərzində bir sıra maarifləndirici tədbirlər həyata keçirilib, xüsusilə gənc nəslin bu sahədə biliklərinin artırılması istiqamətində fəal iş aparılıb.

Z. Nuriyeva qeyd edib ki, qloballaşan dünyada həm yaşlı, həm də gənc nəsil insan alverinin qurbanına çevrilə bilər:

"Uşaq əməyinin istismarı da bu qəbildən olan təhlükələr sırasındadır. İnsan alveri birbaşa insanın azadlığının məhdudlaşdırılması deməkdir. Bu, insanın məcburi şəkildə cinsi istismara sövq edilməsi, məcburi əməkdə istismar olunması və digər formalarda azadlığının əlindən alınmasıdır. Azərbaycan xalqı və vətəndaşları hər zaman öz polisinə güvənib və dövlətlə həmrəy olub. Lakin buna baxmayaraq, insanlar bəzən aldana bilirlər. Qlobal rəqəmsallaşma dövründə insan alveri artıq daha müasir, rəqəmsal formalar almışdır. Sosial şəbəkələr və onlayn platformalar vasitəsilə insanlar müxtəlif iş elanları, səfər və digər təkliflərlə cəlb olunaraq insan alverinin qurbanına çevrilə bilərlər. Bu təkliflər ilk baxışdan cəlbedici görünsə də, əslində arxasında istismar faktları dayana bilər". 

Zülfiyyə Nuriyeva bildirib ki, hazırda koalisiyada birləşən QHT-lər əhalinin maarifləndirilməsi ilə yanaşı, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək mübarizə metodlarını daha da təkmilləşdirir:

"Bu gün təşkilatımız və üzvü olduğumuz koalisiya tərəfindən əhalinin maarifləndirilməsi prioritet istiqamətdir. Eyni zamanda, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində insan alverinə qarşı mübarizənin yeni metod və modelləri öyrənilməkdədir. Hesab edirik ki, Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, insan alveri ilə mübarizədə də dinamik inkişaf dövrünü yaşayır. Koalisiyamız və onun tərkibində olan təşkilatlar dövlətimizin vətəndaşının müdafiəsinə hər zaman hazır olacaq və istismarın yeni formalarını araşdıraraq vətəndaşlarımızı maarifləndirməyə davam edəcək. İnsanlarımızı bu istiqamətdə daha ehtiyatlı və diqqətli olmağa çağırırıq".

 

Pərvanə Fərhadqızı

QHT.az