ZƏFƏR TARİXLİ XALQIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEV

Bu gün Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi,müasir və müstəqil Azərbaycanın qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür və biz  dərin ehtiram və böyük minnətdarlıq hissi ilə ziyarətindəyik.

Bu əlamətdar gün, yalnız bir şəxsiyyətin doğum günü deyil, həm də Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcına aparan yolun başlanğıc nöqtəsidir.

Ümummilli Liderimiz  uzun illər ərzində Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamış, ölkəmizin müstəqilliyi, suverenliyi və inkişafı naminə yorulmadan çalışmışdır. Onun siyasi fəaliyyətinin əsas qayəsini xalqına xidmət, dövlətçiliyin möhkəmləndirilməsi, milli dəyərlərin qorunması və gələcək nəsillər üçün güclü Azərbaycanın yaradılması təşkil edirdi.

Hələ 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci Katibi seçildiyi zaman Heydər Əliyev sovet dönəminin ağır siyasi və iqtisadi çətinlikləri ilə üzləşən Azərbaycanı qısa müddət ərzində inkişaf yoluna çıxarmağa nail oldu. Onun təşəbbüsü və qətiyyəti ilə sənaye, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət sahələrində mühüm irəliləyişlər baş verdi. Xalqın rifah halı yüksəldi, milli kadrların hazırlanmasına və gənclərin təhsilli olması üçün yeni imkanlar yaradıldı.1990-cı illərin əvvəllərində isə Azərbaycanın müstəqillik qazandığı lakin dərin siyasi və iqtisadi böhran içində olduğu dövrdə xalq Heydər Əliyevə üz tutdu. 1993-cü ildə xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər, ölkədə sabitliyi bərpa etdi, hüquqi, siyasi və iqtisadi islahatlara başladı. Onun rəhbərliyi ilə qəbul edilən 1995-ci il Konstitusiyası müasir Azərbaycanın hüquqi əsasını qoydu. "Əsrin müqaviləsi" adlandırılan neft sazişləri ölkənin gələcək iqtisadi inkişafının bünövrəsini formalaşdırdı.

Heydər Əliyev yalnız Azərbaycan daxilində deyil, beynəlxalq səviyyədə də nüfuzlu lider kimi tanınırdı. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünya birliyində layiqli yerini tutdu. Regionda və beynəlxalq arenada sülhə, sabitliyə və əməkdaşlığa yönəlmiş təşəbbüsləri ilə yadda qaldı.Ulu Öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun başladığı yol  güclü dövlət, güclü ordu, inkişaf edən iqtisadiyyat və sosial rifah strategiyası bu gün Azərbaycanı regionun lider dövlətinə çevirib. Xüsusilə 2020-ci ildə Vətən Müharibəsində qazanılan Zəfər və Azərbaycanın ərazi bütövlüyünün bərpası Heydər Əliyev ideyalarının gerçəkliyə çevrildiyini göstərdi.

Heydər Əliyev Azərbaycan tarixində əbədiyaşar lider kimi qalacaqdır. Onun xalqına olan sonsuz sevgisi, iradəsi, qətiyyəti və uzaqgörənliyi Azərbaycan xalqının yaddaşında daim yaşayacaqdır. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında birləşən milyonluq ordunun bir zərrəsi kimi mən də bu gün  Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla anmaq, onun ideyalarını yaşatmaq və gələcək nəsillərə ötürmək vəzifəsini fəaliyyətimin ana yasası bilərək Fəxri Xiyabanda olmağı  özümə borc bildim Hüzurundayam Ulu Öndərim. Allah sənə qəni - qəni rəhmət etsin.

Ruhun şad olsun!

 

Nəhayət Şirinova
ADPU Quba filialı Heydər Əliyev Lektoriyasının müdiri.
Vətən Naminə Şəhid Ailələrinə dəstək İctimai Birliyinin üzvü