“Məlahətli Ana Uşaqlara Yardım” İctimai Birliyinin sədri sosial dəstək aksiyası keçirib - FOTOLAR

“Məlahətli Ana Uşaqlara Yardım” İctimai Birliyinin sədri Natiq Əhmədov Şamaxı və Ağsuda nümunəvi sosial dəstək aksiyası keçirib. 

QHT.az xəbər verir ki, Natiq Əhmədov indiyədək Yasamal, Sabunçu, Hövsan, Zabrat, Mingəçevir, Yevlax, Göyçay və Bərdə rayonlarında şəhid ailələri, qazilər və aztəminatlı ailələrlə bir sıra görüşlər keçirərək onların sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı işlər görüb.

Bu missiyanın davamı olaraq, 3-4 may tarixlərində “Məlahətli Ana Uşaqlara Yardım” İctimai Birliyinin sədri Natiq Əhmədov tərəfindən Şamaxı və Ağsu rayonlarında da şəhid ailələri, qazilər və aztəminatlı ailələrlə xüsusi görüşlər təşkil olunub. Səfər çərçivəsində ümumilikdə 40-a yaxın ailə ilə birbaşa ünsiyyət qurulub, onların sosial vəziyyəti, pensiya və digər sosial problemləri diqqətlə araşdırılıb və dərhal mümkün olan dəstək göstərilib. Xüsusilə vurğulanmalıdır ki, Natiq Əhmədov bu səfərdə təkcə sosial və iqtisadi məsələlərlə deyil, həm də əməliyyat və tibbi problemlərlə bağlı yardımlar təşkil edib. Həssas qrupların sağlamlıq vəziyyətinə diqqət yetirilərək, zəruri hallarda müalicə və əməliyyat xərclərinin qarşılanmasına dəstək göstərilib.

Bu humanist təşəbbüs bir daha təsdiqlədi ki, cəmiyyətimizdə həssas qrupların rifahı üçün davamlı və məqsədyönlü fəaliyyət vacibdir. Natiq Əhmədovun təşəbbüskarlığı ilə keçirilən bu görüşlər təkcə maddi deyil, mənəvi baxımdan da böyük əhəmiyyət daşıyır. O, şəhid ailələrinin və qazilərin problemlərinə xüsusi həssaslıqla yanaşaraq, onların sosial müdafiəsinin gücləndirilməsinə daim önəm verir. Səfər zamanı ailələrə ehtiyaclarına uyğun olaraq müxtəlif yardımlar təqdim edilib və gələcəkdə daha geniş layihələrin həyata keçirilməsi üçün planlar müzakirə olunub.

“Məlahətli Ana Uşaqlara Yardım” İctimai Birliyi həssas əhali qruplarının yanında olmağa davam edir və Natiq Əhmədovun bu fədakar fəaliyyəti cəmiyyət üçün nümunədir.