Sumqayıtda insan alveri və məişət zorakılığı qurbanları üçün sosial xidmətlər göstəriləcək
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyi tərəfindən həyata keçirilən "İnsan alveri və məişət zorakılığı qurbanları üçün sosial xidmətlərin təşkili" layihəsinin icrasına may ayından etibarən başlanılıb.
QHT.az xəbər verir ki, layihənin əsas məqsədi çərçivəsində yaradılmış Regional İlkin Dəstək və Reabilitasiya Mərkəzi vasitəsilə insan alveri və məişət zorakılığına qarşı mübarizənin gücləndirilməsi və bu sahədə dövlətə dəstək göstərilməsidir. Layihə çərçivəsində Sumqayıt şəhərində insan alveri və məişət zorakılığı qurbanlarına, eləcə də potensial qurbanlara hüquqi və psixoloji xidmətlər təqdim olunacaq. Həmçinin, bu şəxslərin ailə üzvləri də dəstək xidmətləri ilə əhatə olunacaq. Müraciət edən şəxslərə qaynar xətt vasitəsilə ilkin hüquqi və psixoloji yardım göstəriləcək.
Layihənin predmetinə insan alveri və məişət zorakılığı mövzularının birgə şəkildə daxil edilməsi təsadüfi deyil – bu iki sosial problem bir-birini şərtləndirən və gücləndirən amillər kimi qiymətləndirilir. Reabilitasiya proqramları vasitəsilə qurbanların cəmiyyətə reinteqrasiyası təmin olunacaq, onların psixoloji gərginliklərinin və hüquqi problemlərinin aradan qaldırılmasına dəstək göstəriləcəkdir.
Layihə çərçivəsində məişət zorakılığı və insan alveri ilə mübarizə sahəsində preventiv tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. May ayından etibarən bu mövzularda televiziya verilişləri, təlimlər və maarifləndirici tədbirlər təşkil ediləcək.
Layihənin icrası insan alveri və məişət zorakılığına qarşı mübarizədə cəmiyyətin, dövlətin və qeyri-hökumət sektorunun əməkdaşlığını gücləndirəcək, daha davamlı və effektiv müdafiə mexanizmlərinin qurulmasına xidmət edəcək.
Layihədən faydalanmaq istəyən şəxslər aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərlər:
Telefon nömrəsi- 050 680 22 22
E-mail ünvanı- [email protected]