Deputat: “Azərbaycan-Vyetnam münasibətləri strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyur”

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın ölkəmizə səfəri ilə əlaqədar 7 may 2025-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatla bir çox önəmli məsələlərə toxunmuş, bir sıra vacib razılaşmaların və uğurlu layihələrin mövcudluğundan məlumat vermişdir.

Ölkə başçısının bəyənatından bəlli olmuşdur ki, cənab To Lamın Azərbaycana səfəri iki ölkə arasındakı əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusi olaraq Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın imzalanması çox mühüm bir addımdır. Bu bəyanat həm də ciddi və ölkələrimizin əlaqələrini daha möhkəmləndirən siyasi bir sənəddir. Ölkələrarası bu münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır.

Hər iki ölkə rəsmisi arasında baş tutmuş görüş eyni zamanda dövlətlərin bir çox istiqamətlərdə razılığa gəlməsi və mühüm sənədlərin imzalanması ilə nəticələnmişdir. Aparılan danışıqlar və əldə edilmiş razılaşmalar Azərbaycanla Vyetnamın qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi bir addım olmuşdur. Bu iki dövlətin müsbət əlaqələri ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə də çox ciddi əməkdaşlığın formalaşmasına səbəb ola bilər.

Ölkə rəsmiləri arasında energetika sahəsində imzalanmış sənədlər və aparılan müzakirələr deməyə əsas verir ki, Azərbaycanla Vyetnam yaxın gələcəkdə bu sahədə əməkdaşlığını daha da genişləndirəcəkdir. Tezliklə keçirilməsi nəzərdə tutulan Hökumətlərarası Komissiyanın iclası ölkələrin ticarət əməkdaşlığı üçün həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələlərinin həll olunmasını, eləcə də ölkələrin bu istiqamətlərdə əməkdaşlığını daha da sürətləndirəcəkdir.

İmzalanmış Birgə Bəyanata daxil olan sənədlərdən biri də bərpaolunan enerji növlərinin istehsalı ilə bağlıdır. Azərbaycanın bu sahədə çox böyük imkanları, potensialı var. İmzalanmış kontraktlar 5 il bundan sonra ölkəmizə 6500 meqavat gücündə yeni enerji, təmiz enerji güclərini qazandıracaq. Bunun üçün Vyetnam şirkətlərinin də bu sahədə ölkəmizə investisiya yatırması layihələrimizin daha da artmasına və güclənməsinə səbəb olacaqdır. Bu eyni zamanda ölkəmizin iqtsadi inkişafı üçün də bir təkan olacaqdır.

Hər iki ölkə arasında həmçinin Müdafiə sənayesi sahəsinin inkişaf etdirilməsi də önəmli məsələlərdəndir. Çünki həm Azərbaycanda, həm də Vyetnamda sənayenin bu istiqaməti kifayət qədər inkişaf edib. Bu istiqamətdə də əlaqələrin gücləndirilməsinin, birgə müəssisələrin yaradılmasının və qarşılıqlı əməkdaşlığın göstərilməsinin hər iki dövlətə yüksək faydası olacaqdır.

Vyetnamla Azərbaycanın Beynəlxalq təşkilatlarda da birgə fəaliyyəti olduqca bəyəniləndir. Vyetnam bir neçə il öncə Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəkləmişdir və buna görə Azərbaycan Vyetnama hər zaman minnətdardır. Ölkələrimiz həm də Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstərir. Bu iki dövlətin beynəlxalq hüququn aliliyinə dair baxışlarında da heç bir fikir ayrılığı yoxdur. Hər iki dövlət düşünür ki, bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında - beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır. Bütün mübahisəli məsələlər danışıqlar yolu ilə, sülh yolu ilə həll olunmalıdır.

Müzakirə olunan məsələlərdən biri də ölkələri birləşdirən nəqliyyat infrastruktur layihələridir ki, Azərbaycan Vyetnam həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti stimullaşdıra bilər.

Ölkə rəsmiləri arasında keçirilən görüş, qəbul edilən qərarlar və imzalanan mühüm sənədlər onu deməyə əsas verir ki, hər iki dövlət müzakirə olunan bütün istiqamətlərdə eyni fikirdədir və vahid mövqedən çıxış edir. Eləcə də siyasi, iqtisadi və digər baxışlarda da bir çox oxşarlıqlar vardır. Bu görüş hər iki dövlətin iqtisadi, siyasi, ticari və bir çox maraqlarını daha da artıracaq, mövcud əlaqələrini gücləndirəcək, ölkələrimizin dostluq münasibətlərini daha da dərinləşdirəcəkdir.

 

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı