“Milli-mənəvi dəyərlərimizin, irsimizin qorunması, tanıdılması və gənclərə ötürülməsi” layihəsinə start verildi - FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Zirvə” Ziyalılar Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə 10 may 2025-ci ildə “Milli-mənəvi dəyərlərimizin, irsimizin qorunması, tanıdılması və gənclərə ötürülməsi” layihəsinə start verildi.
QHT.az xəbər verir ki, layihənin məqsədi və məramı – Vətənimizin tarixi abidələrini, keçmişimizi, milli sərvətlərimizi yeniyetmə və gənclərin gözü ilə görmək, tanıtmaq və onların rəsmlərində əks etdirmək, Vətənə, xalqa, millətə, hər daşına, gülünə, canlı və cansız hər bir varlığına sevgi, sayğı, məhəbbət və vətənpərvərlik hisslərini aşılamaqdan ibarətdir. Bu məqsədlə yeniyetmə və gənclərdən ibarət 35 nəfərlik qrupla “Zirvə” Ziyalılar Təşkilatı İctimai Birliyi tərəfindən İçərişəhərdə yerləşən tarixi abidələrimizə ekskursiya təşkil olundu. İstedadlı gənclər və yeniyetmələr keçmişimizə və tariximizə səyahət edərək, ekskursiya sonunda “Qoy həmişə günəş olsun”, “Tarixi abidələrimiz”, “Qalib Azərbaycan”, “Güllər və çiçəklər” mövzusunda rəsmlər yaratdılar.
Gözəl və mənalı rəsmlərinə görə gənc rəssamlar “Zirvə” Ziyalılar Təşkilatı İctimai Birliyinin sertifikatları ilə təltif olundular. Gənc istedadların sevincinin həddi-hüdudu yox idi. Onlar belə maarifləndirici tədbirdə iştirak etdikləri üçün Agentliyə və “Zirvə” Ziyalılar Təşkilatı İctimai Birliyinə öz təşəkkürlərini bildirdilər.
Rəsmi hissə başa çatdıqdan sonra uşaqlara istirahət imkanı yaradıldı, onlar nahara dəvət olundular. Layihənin ikinci fəaliyyət mərhələsinə isə artıq start verilmişdir. İyun ayında keçiriləcək ümumrespublika sərgisinə “Qalib Azərbaycan rəssamlarımızın rəsmlərində” adlı mövzu üzrə hazırlıqlara başlanılıb.