Azərbaycan Milli QHT Forumu Koreya hökumətinə Açıq Məktub ünvanlayıb

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) İdarə Heyəti Koreya hökumətinə Açıq Məktub ünvanlayıb. Məktubda, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlmiş film nümayişinə icazə verilməsindən narahatlıq ifadə olunub.

QHT.az xəbər verir ki, məktubda bildirilir ki, müxtəlif sahələrdə fəaliyyət göstərən yüzlərlə Azərbaycan QHT-sini birləşdirən çətir təşkilat olaraq, erməni əsilli ssenari müəllifi və rejissor Emili Mkrtiçyanın “There was, There was not” adlı filminin Koreyanın Jeonju Beynəlxalq Film Festivalı çərçivəsində nümayişinə icazə verilməsi təəccüb və dərin narahatlıqla qarşılanır.

“Filmin məzmunu Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlib. Belə bir əsərin beynəlxalq film festivalında nümayişi Ermənistanın uzun illər davam edən işğalçılıq siyasətinin və təbliğatının dəstəklənməsi kimi qiymətləndirilə bilər”, — deyə Açıq Məktubda qeyd olunub.

 

Pərvanə Fərhadqızı