Tramp eyni anda dörd qlobal böhranı həll etməyə çalışır

Tramp üç ildə ilk dəfə Ukrayna və Rusiyanın birbaşa danışıqlar aparmasını təmin etməyə çalışır və hətta ona qoşulmağı düşünür.

QHT.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp komandası ilə paralel olaraq dörd böyük beynəlxalq böhranı həll etməyə çalışır. Axios nəşri yazır ki, Tramp Yaxın Şərqdə 1 trilyon dollarlıq investisiyalar üçün danışıqlar aparır, Səudiyyə forumunda isə sülh və əməkdaşlığa çağırış edib. O, həmçinin 25 ildə ilk dəfə Suriya prezidenti Əhməd əl-Şara ilə görüşməyə razılaşıb. Əlavə olaraq, Tramp İsrail-Qəzza atəşkəsi və girovların azad olunması üçün nümayəndələrini Dohaya göndərib.

Trampın üçüncü səyləri Rusiya-Ukrayna danışıqlarına yönəlib. ABŞ-ın dövlət katibi və nümayəndələri Türkiyədə keçiriləcək görüşə qatılacaq, Zelenski iştirakını təsdiqləsə də, Putin hələ mövqe bildirməyib. Dördüncü istiqamət isə İrana yönəlib: Tramp Tehrana yeni nüvə sazişi təklif edib və əks halda “maksimum təzyiq”ə qayıdacağı ilə hədələyib.

Lakin Axios qeyd edir ki, Trampın bu təşəbbüslərinin nəticəyə gətirib çıxarıb-çıxarmayacağı hələ sual altındadır.

 

R.İmanov