Saatlıda uşaq əməyinin istismarı və insan alverinə qarşı maarifləndirici təlim keçirildi - FOTOLAR

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin təşkilati dəstəyi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının təşəbbüsü ilə Saatlı Rayon Polis Şöbəsində təlim keçirilib.

QHT.az xəbər verir ki, təlimdə sahə müvəkkilləri, azyaşlılarla iş şöbəsinin əməkdaşları, təhqiqatçılar və əməliyyatçılar iştirak ediblər. Təlim “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova və “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva tərəfindən aparılıb.

Saatlı Rayon Polis Şöbəsinin 22 əməkdaşının iştirakı ilə keçirilən təlimin əsas məqsədi uşaq əməyinin istismarı anlayışını, onun formalarını və qarşısının alınması yollarını izah etmək, eyni zamanda bu halların müəyyən olunmasında istifadə edilən əsas indikatorlarla sahə müvəkkilləri və uşaq inspektorlarını tanış etmək idi. İnteraktiv şəkildə təşkil olunan təlim zamanı iştirakçılarla real vəziyyətlərlə bağlı müzakirələr aparılıb və onların fikirləri dinlənilib.

Təlim çərçivəsində beynəlxalq standartlara əsaslanan indikatorlar izah edilib və onların mövcud yerli qanunvericilik kontekstində tətbiq imkanları ətraflı şəkildə müzakirə olunub.

Eyni zamanda, təlim iştirakçıları insan alveri anlayışının mahiyyəti, növləri, mübarizə metodları, insan alveri qurbanlarının müəyyən edilməsi, onlarla reabilitasiya tədbirlərinin həyata keçirilməsi, psixoloji və hüquqi dəstəyin göstərilməsi və digər məsələlər barədə geniş məlumat əldə ediblər.