Azərbaycanın Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirakı Avropa qitəsində dialoq və əməkdaşlığa verdiyi əhəmiyyəti nümayiş etdirir - RƏY

Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyanın paytaxtı Tiranada keçirilən “ Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısında iştirakı və keçirdiyi görüşlər onu göstərdi ki, rəsmi Bakı Avropanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rola malikdir.

 

QHT. az bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib.

QHT sədrinin sözlərinə görə, regional çərçivədə başlanan əməkdaşlığın konturlarının bu gün daha da genişləndirilməsi, Azərbaycanın bütün qitələrdə tərəfdaş, partnyor qazanması da bunun bariz nümunəsidir: “Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələrin reallaşdırılması Avropa üçün enerji təchizatının şaxələndirilməsinə və bu qitənin ölkələri ilə strateji tərəfdaşlığın dərinləşməsinə mühüm töhfə verir. Azərbaycanın Albaniyada keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirakı Avropa qitəsində dialoq və əməkdaşlığa verdiyi əhəmiyyəti, təşəbbüskar mövqeyini bir daha nümayiş etdirir: Ümumilikdə isə I Zirvə toplantısından bu günə kimi analiz olunsa hər görüşün Azərbaycan üçün əhəmiyyəti ilə yadda qalmasını qeyd edə bilərik”.

Vüsalə Hüseynli bildirib ki, məhz Praqada keçirilən ilk görüş çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin baş tutan görüşündə Paşinyan açıq şəkildə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi: ”Avropa Siyasi Birliyi”nin Praqada keçirilən ilk toplantısından etibarən keçirilmiş 3 illik müddətdə 5 görüşün hər birindən Azərbaycan uğurla ayrılıb. Xatırlayırsınızsa, görüşlərdən biri Granadada keçirilmişdir. Bu addım ilə Avropa liderləri Şərq və Qərb arasında əlaqələrin daha da dərinləşməsində körpü rolunu oynamağa cəhd etdilər. Sonuncu Tirana görüşündə isə Azərbaycan prezidenti Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşdü. Antonio Koşta və Ursula Fon der Lyayen Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirərək, ölkəmizin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdilər. Düşünürəm ki, bu addım özü rəsmi Bakının Bakının uğurlu diplomatiyasının nəticəsidir”.