“Minsk qrupu ləğv edilməlidir” – Əliməmməd Nuriyevdən sülhə dair çağırış
"Avropa Şurası hüququn və konstitusional dəyərlərin təşviq olunduğu bir platformadır. Burada qanunun aliliyi əsas prinsiplərdəndir. Bu baxımdan, cənab Bersenin səfəri zamanı qeyd olunan məsələlərin gündəmə gətirilməsi zəruri və qaçılmazdır. Hüquqi ziddiyyətlər tənzimlənmədən sabit sülhə nail olmaq mümkün deyil".
Bu sözləri “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, digər tərəfdən, 2020-ci ildən sonra ATƏT-in Minsk qrupu və onunla bağlı strukturlar həm hüquqi, həm də siyasi baxımdan öz funksiyalarını itirmişdir. Bunu həm Azərbaycan dövləti, həm də Prezident dəfələrlə qeyd etmişdir:
"Cənab Bersenin “birlikdə qərar verməliyik” çağırışı isə yeni formatların zəruriliyini ortaya qoyur. Bu formatlar regionun hüquqi, siyasi və tarixi reallıqlarına uyğun şəkildə qurulmalı, simvolik vasitəçilikdən daha çox məsuliyyətli təminat mexanizminə çevrilməlidir. Azərbaycan və Ermənistan uzun illər müharibə və acılar yaşamış xalqlardır. Sülh yalnız hüquqi sənəd deyil, eyni zamanda insanlıq dəyərlərini qorumaq vasitəsidir. Bu, yeni qonşuluq münasibətlərinin qurulması və inkişaf etdirilməsi üçün mühüm bir alətdir. Cənubi Qafqazda sabitliyin və dayanıqlı inkişafın təmin olunması üçün əsas şərtlərdən biridir. Eyni zamanda bu, regionda yeni geosiyasi toqquşmaların qarşısının alınması baxımından da mühüm vasitədir".
Sonda hüquqşünas qeyd edib ki, Avropa Şurasının Baş katibinin regiona səfəri təkcə ikitərəfli görüş xarakteri daşımır, həm də beynəlxalq hüququn Cənubi Qafqazda yenidən təsdiqi baxımından mühüm əhəmiyyət kəsb edir:
"Baş katibin çıxışında bu humanitar ali məqamlar aydın hiss olunurdu. Minalardan təmizləmə, əsir və itkinlərin taleyi, mədəni irsin qorunması kimi məsələlərdə Avropa Şurası real dəstək göstərə bilər. Ümid edirik ki, Avropa Şurası bu məsələlərdə daha obyektiv və ədalətli mövqe nümayiş etdirəcəkdir. Azərbaycan tərəfi bu səfəri yalnız diplomatik ritorika ilə deyil, konkret hüquqi prinsiplərə əsaslanan bir gündəmlə müşayiət etməlidir. Çünki iştirak istəkdən daha çox hüquq və məsuliyyət məsələsidir. Avropa Şurasının Baş katibinin bu səfəri yalnız ikitərəfli görüş deyil, həm də beynəlxalq hüququn regionda yenidən təsdiqi anlamını daşıyır. Azərbaycan üçün bu, öz mövqeyini hüquq, ədalət və gələcək baxımından birmənalı şəkildə ifadə etmək üçün bir imkandır".
Əliməmməd Nuriyev üç əsas çağırışı vurğulayıb:
-
Ermənistan Konstitusiyasında ərazi iddialarına son verilməli, Konstitusiya dəyişdirilməlidir.
-
Minsk Qrupuna bağlı bütün strukturlar beynəlxalq gündəmdən çıxarılmalıdır.
-
Sülh müqaviləsi konkret hüquqi təminatlara və beynəlxalq öhdəliklərə əsaslanmalıdır və birbaşa imzalanmalıdır.
"Çünki əgər sülh hüquqa əsaslanmırsa, onun gətirəcəyi sabitlik sadəcə təsadüfi və müvəqqəti xarakter daşıyacaqdır".
Pərvanə Fərhadqızı
QHT.az