Azərbaycan Milli QHT Forumu beynəlxalq miqyasda yaxşı tanınan və qəbul edilən nüfuzlu təşkilatdır - Ramil İskəndərli

"Azərbaycan Milli QHT Forumu ölkə QHT-lərinin çətir təşkilatı kimi öhdəsinə düşən funksiyaları icra etməyə başlayıb, vətəndaş cəmiyyətinin ideya generatoruna çevrilib. Artıq əminliklə deyə bilərik ki, Azərbaycan Milli QHT Forumu beynəlxalq miqyasda yaxşı tanınan və qəbul edilən nüfuzlu təşkilatdır. Bu, Forumda birləşən Azərbaycan QHT-lərinin birgə əməyinin nəticəsi, uğur hekayəsidir”. 

QHT.az xəbər verir ki, bunu Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bu gün keçirilən mətbuat konfransında deyib.
 

Toplantıda Azərbaycan Milli QHT Forumunun Qlobal Cənub QHT Platformasının təsis olunması barədə çağırışına 120 ölkənin yer aldığı Qoşulmama Hərəkatı regionunun 116 ölkəsinin dəstək verdiyi, bu ölkələrin hər birindən aparıcı QHT-lərin iştirakı ilə 2025-ci il aprelin 28-də Bakıda Qlobal Cənub QHT Platformasının təsis olunduğu vurğulanıb. Qoşulmama Hərəkatı regionunda QHT-ləri birləşdirən vahid şəbəkə ilk dəfədir, bu Platformanın təşəbbüskarı Azərbaycan Milli QHT Forumudur. Forumun bu Platformanın qurulması üçün ardıcıl və sistemli fəaliyyətini nəzərə alaraq, 116 ölkə tərəfindən yekdilliklə qərar qəbul edilib ki, Platformanın gələn il Baş Assambleyasına qədər ona rəhbərliyi məhz Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri etsin, Ramil İskəndərli müvəqqəti Baş katib seçilib. Gələcəkdə hansı ölkənin təmsilçisinin Platformaya rəhbərlik etməsindən asılı olmayaraq, onun mərkəzi qərargahı Bakıda yerləşəcək. 
Ramil İskəndərli bildirib ki, “Azərbaycan Prezidenti İlham Əliyevin bu Platformanın təsis konfransının iştirakçılarına məktubla müraciət etməsi, məktubda Azərbaycan Milli QHT Forumunun fəaliyyətinə yüksək qiymət verməsi böyük fəxrdir”.