“Görkəmli Şuşa Bəyləri-Portretlər” layihəsinin UNEC-də təqdimatı olub - FOTOLAR

19 may 2025-ci il tarixində  Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzində “Əbdürrəhim bəy Haqverdiyev Mərkəzi” İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırılan “Görkəmli Şuşa Bəyləri-Portretlər” layihəsinin elmi-tədqiqat işlərinin nəticələri barədə təqdimat mərasimi keçirilib. 


Təqdimatda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrlə iş üzrə prorektoru i.e.n., dos. Səadət Qəndilova, “Əbdürrəhim bəy Haqverdiyev Mərkəzi” İctimai Birliyinin sədri Eldar Məlik-Abbas, “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin (SUES) sədri, UNEC-in “Biznesin idarə edilməsi” kafedrasının müəllimi Yusif Musayev, “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin sədri Dilarə Nağıyeva,  “Şuşa” qəzetinin baş redaktoru Vasif Quliyev, “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyni, “Respublika Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Bahar Qasımova, təqdimatın ekspertləri - Bakı Slavyan Universitetinin professoru, fil.ü.f.d. Şəlalə Həsənova, “Azərbaycan Respublikası Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri, tar.ü.f.d Əsəd Qurbanlı, “Şuşa” qəzetinin baş redaktoru Vasif Quliyev, “Zəngəzur” İnformasiya Agentliyinin əməkdaşı Türkanə Səfərova, UNEC-in əməkdaşları, tələbələr, elm və media nümayəndələri iştirak ediblər. 
 

QHT.az  xəbər verir ki, təqdimat zamanı Bəhrəm bəy Məlik-Abbasov, Mamay bəy Mamayev  və Əbdürrəhim bəy Haqverdiyev haqqında elmi-tədqiqat işlərinin nəticələri müzakirə edilib.
 

Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. 
 

Tədbiri giriş sözü ilə açan UNEC-in tələbələrlə iş üzrə prorektoru i.e.n., dos. Səadət Qəndilova 95 illik yubileyinə hazırlaşan Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi kimi əlamətdar layihədə iştirak etməkdən məmnun olduğunu ifadə edib. Prorektor qeyd edib ki, ““Görkəmli Şuşa Bəyləri-Portretlər” layihəsi yalnız Azərbaycan tarixinin şanlı səhifələrini açmaqla kifayətlənmir, eyni zamanda tələbələrə və gənc nəsillərə milli-mənəvi dəyərlərin ötürülməsi və təbliği baxımından da əvəzsiz əhəmiyyət kəsb edir. Şuşa - yalnız coğrafi məkan deyil, Azərbaycanın qəlbidir. Bu mübarək torpağın yetirdiyi Bəhrəm bəy Məlik Abbasov, Məmo bəy Məmai, Əbdürrəhim bəy Haqverdiyev kimi şəxsiyyətlər öz fəaliyyətləri ilə nəinki bir dövrə, həm də gələcək nəsillərə yol göstərmişlər. UNEC kimi qabaqcıl ali təhsil ocaqlarının əsas vəzifələrindən biri də gənclərimizin şüurunda milli kimliyimizə, tarixi köklərimizə bağlılığı möhkəmləndirməkdir. Bu baxımdan “Əbdürrəhim bəy Haqverdiyev Mərkəzi” İctimai Birliyinin həyata keçirdiyi bu layihəni yüksək qiymətləndiririk və belə təşəbbüsləri dəstəkləməyə davam edəcəyik. Ümid edirəm ki, bu tədqiqat işi yalnız elmi əsər kimi qalmayacaq, eyni zamanda gənclərimiz üçün tariximizə, mədəniyyətimizə daha dərindən bələd olmaq üçün qiymətli bələdçiyə çevriləcəkdir. Şuşamız azaddır və onun mədəni irsi həm də bu cür layihələrlə əbədiyyən yaşayacaq!”
 

“İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin (SUES) sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Biznesin idarə edilməsi” kafedrasının müəllimi Yusif Musayev isə reallaşdırılılan layihənin tələbə gənclərin və tədqiqatçıların müvafiq istiqamətdə elmi araşdırmalara marağının artırılmasına xidmət etdiyini bildirib
 

Mamayev və Haqverdiyev nəsillərinin nümayəndəsi, Əbdürrəhim bəy Haqverdiyev Mərkəzinin rəhbəri Eldar Məlik-Abbas  elmi-tədqiqat işi barədə müasir texnologiyalardan istifadə etməklə təqdimatla çıxış etdi. 
 

Çıxış zamanı qeyd etdi:
“Azərbaycanın qəlbində - Şuşamızın yetirdiyi görkəmli şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək məqsədi daşıyan "Görkəmli Şuşa Bəyləri-Portretlər" layihəsinin təqdimat mərasimində sizlərlə bir arada olmaqdan dərin fəxr hissi keçirirəm. Əvvəlcə, bu qiymətli layihənin həyata keçirilməsində dəstək olan Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradova, prorektor dos. Səadət Qəndilovaya  və bütün iştirakçılara ürəkdən təşəkkürümü bildirmək istəyirəm. Şuşa - Azərbaycan mədəniyyətinin, elminin və milli kimliyinin beşiyidir. Bu müqəddəs torpaq əsrlər boyu Bəhrəm bəy Məlik-Abbasov, Məmo bəy Məmai, Əbdürrəhim bəy Haqverdiyev kimi ölməz şəxsiyyətlər yetirmişdir. Onların hər biri öz dövrünün ağlı və vicdanı olmuş, milli şüurumuzun formalaşmasında əvəzsiz rol oynamışdır.
 

 Bəhram bəy Məlik Abbasov —1857-ci ildə Zəngəzur qəzasının Nüvəndi kəndində anadan olmuşdur. Ordubad şəhərində təhsil almış,Zəngəzur qəzasında 2-ci dərəcəli dəftərxana rəisi, sonradan qəza tərcüməçisi, polis və ədliyyə rəisi kimi çalışmışdır.1919-ildə Cavanşir qəzası rəisi olmuşdur. Məlik-Abbas nəsli, Şah Abbas dövrü daxil olmaqla 1300 illik məlum tarixə malikdir və tarixi Azərbaycan ərazisində azəri-türk müsəlmanlarının kökü olan nəcib mənşəli oxşar soyadlardan biridir. Xüsusilə vurğulamaq istəyirəm ki, Bəhrəm bəy Məlik-Abbasov təkcə görkəmli ictimai xadim deyildi. O, eyni zamanda mədəni irsinin qorunub saxlanılması uğrunda ömrünü həsr etmiş bir vatansevər idi. Onun xeyriyyəçilik fəaliyyəti, maarifçilik işləri bu gün də nümunə götürülməlidir.
 

Məmo bəy Məmai - Şuşa şəhərində Məmai məhəlləsinin, Məmai məscidinin, Mamai bulağının yaradıcısı olub. İş adamı, tacir, şair, yazıçı kimi fəaliyyət göstərib. Hərbi strukturların təşkilində iştirak edib.  Əbdürrəhim bəy Haqverdiyev ilə birlikdə Şuşa şəhərindən Ağdam şəhərinə gedən yolda Qarabağ sakinləri üçün öz vəsaitləri hesabına, içməli bulaqlar tikdiriblər.
 

Əbdürrəhim bəy  Haqverdiyev - Azərbaycan ədibi, yazıçı, dramaturq, ictimai-siyasi və teatr xadimi, pedaqoq, ədəbiyyatşünas, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1929). Azərbaycan ədəbiyyatının klassiki hesab olunan Əbdürrəhim bəy Haqverdiyev Birinci Rus Dumasının Azərbaycandan deputatı, Gürcüstan Parlamentinin deputatı,  "Molla Nəsrəddin" jurnalının   yazarlarından biri olmuşdur. Haqverdiyev öz yaradıcılığında dövrün sosial və mənəvi problemlərini əks etdirmiş, maarifçilik ideyalarının yayılmasına xidmət etmişdir. "Dağılan tifaq", "Ac həriflər", "Bəxtsiz cavan", "Pəri cadu" kimi pyeslərində milli məişət həyatının tənqidi təsviri, insan xarakterlərinin açılması və satirik dil xüsusilə ön plana çıxır. O, həmçinin klassik Şərq və Qərb ədəbiyyatından tərcümələr etmiş, dramaturgiyanın inkişafı üçün pedaqoji və publisistik fəaliyyət göstərmişdir. 
 

Bu layihə bizim üçün təkcə keçmişə baxış deyil, eyni zamanda gələcəyə investisiyadır. Gənclərimizin öz köklərini, tarixini dərindən öyrənməsi, milli kimliyini qoruyub saxlamaq üçün vacibdir.
 

Son olaraq, Şuşamızın işğaldan azad edilməsi uğrunda canlarını fəda edən şəhidlərimizi də xatırlamaq istəyirəm. Onların xatirəsi qarşısında baş əyir, layihəmizin onların xatirəsini yaşatmaqda kiçik bir töhfə olmasını ümid edirəm.
Ümid edirəm ki, bu tədqiqat işi yalnız elmi dairələrlə məhdud qalmayacaq, geniş ictimaiyyət tərəfindən də qiymətləndiriləcək və gənclərimiz üçün milli dəyərlərimizi öyrənməkdə əvəzsiz bələdçiyə çevriləcək.”

 

Təqdimatın eksperti, dos. Əsəd Qurbanlı:
Tarixi mənbələrə istinad edərək qeyd etmək istərdim ki, Şuşa qəzası XIX əsrdə Qafqazın ən mədəni inkişaf etmiş regionlarından biri idi. 1840-cı ildə yaradılan Şuşa qəzası inzibati cəhətdən geniş ərazini əhatə edir və 1897-ci il siyahıyaalınmasına görə burada 138 min nəfər əhali yaşayırdı ki, onun da 55%-i azərbaycanlılardan ibarət idi.
Şuşa qəzasının mədəni irsi haqqında danışarkən xüsusi vurğulamaq lazımdır ki, bu region yalnız XIX əsrdə 150-yə yaxın şair, 40-dan çox xanəndə, 30-a yaxın bəstəkar yetirmişdir. Məhz bu mədəni mühit Bəhrəm bəy Məlik-Abbasov, Məmo bəy Məmai və Əbdürrəhim bəy Haqverdiyev kimi şəxsiyyətlərin formalaşması üçün münbit zəmin yaratmışdır.
Arxiv materiallarımıza əsasən, Şuşa qəzasında XIX əsrin sonlarında 8 məscid, 6 məktəb, 2 kitabxana fəaliyyət göstərmişdir. 

 

Xüsusi qeyd etmək istərdim ki, Şuşa qəzasının maarifçilik ənənələri özünü Əbdürrəhim bəy Haqverdiyevin pedaqoji fəaliyyətində də göstərmişdir. 
Son araşdırmalarımız göstərir ki, Şuşa qəzasının mədəni irsi XX əsrin əvvəllərində formalaşan Azərbaycan milli şüurunun formalaşmasında həlledici rol oynamışdır. Bu gün bizim vəzifəmiz bu irsi yenidən öyrənmək, təhlil etmək və gənc nəsillərə çatdırmaqdır.
Layihə çərçivəsində aparılan araşdırmalar göstərir ki, Şuşa qəzasının tarixi yalnız regional deyil, ümummilli əhəmiyyət kəsb edir. Bu səbəbdən də bu layihənin nəticələrinin daha geniş ictimaiyyətə çatdırılması xüsusi əhəmiyyət daşıyır.
Tariximizin bu şanlı səhifələrini öyrənmək və yaşatmaq bizim nəsillər qarşısında borcumuzdur. Şuşanın keçmişini dərindən öyrənməklə biz onun gələcəyinə də töhfə vermiş oluruq.

 

Zəngəzur qəzasının 4-cü sahəsinin pristav əvəzi Məlik Abbasovun qəza rəisinə 1906-cı il martın sonlarında göndərdiyi məxfi raportunda qeyd edilirdi ki, Zəngilan rayonundan Qatar zavodlarına, Şıxavuzdan həmin zavodlaradək yollar tamamilə bağlanmışdır. Ermənilərin məskun olduqları ərazilərin yolları üzərində qanunsuz erməni silahlı dəstələrinin, azərbaycanlı icmalarının məskun olduqları rayonların yolları üzərində isə İrandan qaçaq yolla gələn quldurların dərəbəylik etdikləri raportda öz əksini tapmışdı. Məlik Abbasov qəza rəisindən erməni quldurlarının cəmləşdiyi Şıxavuz və Qaragöl kəndlərindən hər hansı birinə 100 kazak əsgərinin göndərilməsinin bölgədə quldurluğun qarşısının alınmasına yardımçı olacağını vurğulayır. Məlik Abbasov 4-cü Şuşa sahədə sülh və sakitliyin bərqərar olmasında Meğrili Keşiş Ter Vahanın, Lehvazlı Kərbəlayi Mehdi Hacı Allahverdi oğlunun, oğlanları ilə birgə Vağrivarlı David Axpercanovun, Əldərəli Həsənqulu bəy Sərməstbəyovun xidmətlərinin olduğunu yazırdı.

 

Çıxış edən digər tədbir iştirakçıları da qeyd etdilər ki, layihə vasitəsilə biz nəinki keçmişə hörmət əlaməti göstəririk, həm də gələcək nəsillər üçün möhkəm əsas yaradırıq. Çünki Əbdürrəhim bəy Haqverdiyevin ideyaları bu gün də aktuallığını itirməyib.

 Eldar Məlik-Abbas, 
 Türkanə Səfərova