"PR və kommunikasiyanın əsasları" mövzusunda növbəti təlim keçirilib - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin uşaq evi və digər müəssisələrinin nümayəndələri üçün "PR və kommunikasiyanın əsasları" mövzusunda təlim təşkil edilib. 

 

Agentliyin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsində baş tutan təlimdə müəssisə rəhbərləri, eləcə də tədbirlərin təşkilində məsul olan əməkdaşlar daxil olmaqla ümumilikdə 25 nəfər iştirak edib

. Təlimin məqsədi əməkdaşların iş keyfiyyətinin artırılması, kommunikasiyanın düzgün təşkili, informasiyaların fakta əsaslanması, böhran vəziyyətlərinin idarə edilməsi və digər bu kimi mövzularla bağlı bilik, bacarıqları təkmilləşdirmək, bu sahədə peşəkar vərdişlərin inkişafına dəstək olmaqdır. 

Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdirinin müavini, beynəlxalq sertifikatlı təlimçi Sərvər Abdullayev tərəfindən keçilən təlim bir gün davam edib. Təqdimat zamanı iştirakçılara mövzu haqqında fundamental məqamlar, ictimaiyyətlə əlaqələrin qurulmasında vacib nüanslar, sosial şəbəkələrdən effektiv istifadə və digər mövzularda biliklər aşılanır.

Təlimdə iştirakçılar nəzəri biliklər əldə etməklə yanaşı, müxtəlif keyslər üzrə fərdi və qrup tapşırıqlarını yerinə yetiriblər. İnteraktiv keçən təlim çərçivəsində həmçinin həssas əhali qruplarına göstərilən xidmətlər üzrə müxtəlif real nümunələr təqdim olunub, iştirakçılar arasında geniş diskussiyalar aparılıb və mövzu ilə bağlı suallar cavablandırılıb.

 

Bu kimi təlimlərin mütəmadi təşkil edilməsi nəzərdə tutulub.