Budapeştd Zirvə görüşü türk dünyasının Avropaya inteqrasiyasında yeni mərhələnin başlanğıcıdır - RAUF ZEYNİ

Rauf Zeyni Macarıstanda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünü tarixi əhəmiyyətli hadisə kimi qiymətləndirdi. Onun fikrincə, bu görüş yalnız regional deyil, qlobal siyasi kontekstdə də ciddi diqqətə layiqdir: "İlk dəfədir ki, Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı Macarıstanda – Avropanın siyasi mərkəzlərindən birində keçirilir. Bu, özü-özlüyündə çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan ictimaiyyəti bu tədbiri olduqca önəmli və tarixi bir hadisə kimi qiymətləndirir".

İctimai Birliyin sədri hesab edir ki, bu Zirvə görüşü təşkilat daxilində inteqrasiya prosesinin dərinləşdirilməsi və qarşılıqlı əməkdaşlığın yeni müstəviyə keçirilməsi baxımından önəmli rol oynayacaq. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin və digər liderlərin çıxışları təkcə türkdilli ölkələrə deyil, bütövlükdə dünya ictimaiyyətinə mühüm mesajlar çatdırdı: "Cənab Prezident İlham Əliyevin çıxışı və orada verilən mesajlar böyük tarixi əhəmiyyət daşıyır. Bu sammitdə səslənən fikirlər türk dövlətlərinin birliyini daha da möhkəmləndirməklə yanaşı, dünyaya da ciddi çağırışlar idi".

Həmsöhbətimiz qeyd edir ki, Macarıstanın türk dövlətləri ilə inteqrasiyaya marağı yeni deyil və bu prosesin başlanğıcı illər əvvələ gedib çıxır: "Macarıstan rəhbərliyi vaxtilə öz tarixi köklərinə söykənərək türk dünyası ilə inteqrasiyanı seçdi. Bu gün isə bu seçimin məntiqi nəticəsini görürük. Baş nazir Viktor Orbanın mayın 20-də mətbuata bəyanatında  –  istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub ifadəsi bu əməkdaşlığın nə qədər səmimi və davamlı olduğunu bir daha sübut edir."

Sonda Rauf Zeyni bu cür zirvə görüşlərinin Türk birliyinin daha da gücləndirilməsində strateji rol oynayacağını bildirib: "Bu Zirvə görüşü təkcə bu günə deyil, gələcəyə hesablanmış bir addımdır. O, həm dövlətlərarası, həm də xalqlararası əlaqələrin möhkəmləndirilməsinə böyük töhfə verəcək”.

Nigar Orucova, “İki sahil”