Şair İltifat Salehin xatirəsi anılıb - LƏNKƏRANDA

Şair İltifat Salehin xatirəsi anılıb - LƏNKƏRANDA

 

Lənkəranda tanınmış şair İltifat Salehin 90 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilib.
AYB Lənkəran Bölməsinin təşkilatçılığı ilə İ.Salehin uzun illər müəllim kimi çalışdığı Liman şəhər 1 saylı tam orta məktəbindəki tədbirdə şairin qələm dostları, qohumları, ziyalılar, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
AYB Lənkəran Bölməsinin sədri, yazıçı-publisist  Qafar Cəfərli, şair Ağamir Cavad, Xatirə Xatun, yazıçı Səyavuş Süleymanlı, Hafiz Mirzə, Əməkdar məşqçi Əlizadə Əsədov və başqaları ltifat Salehin həyat və yaradıcılığından danışıb, xatirələrini bölüşüblər.
Bildirilib ki, İltifat Saleh 1937-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə 1961-ci ildə Liman şəhər 1 saylı tam orta məktəbində müəllim kimi başlayıb. Sonra o, Lənkəran Dövlət Arxivinin müdiri, Lənkəran şəhər Zəhmətkeş Deputatları Sovetinin sədr müavini, Port-İliç şəhər Zəhmətkeş Deputatları Sovetinin sədri, Tarix və Mədəniyyət Abidələrinin Könüllü Mühafizə Cəmiyyəti Lənkəran Bölməsinin təlimatçısı, Lənkəran Radio Verilişləri redaksiyasının məsul katibi, 1995-ci ildən ömrünün sonunadək AYB Lənkəran Bölməsinin sədri vəzifəsində çalışıb. Bölmə sədri olduğu müddətdə bölgədə ədəbi həyatın inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyib, gənc yazarların respublika mətbuatında tanınmasına köməklik göstərib. "Səni sevmək üçün", "Ay işığı", "Rənglərin səsi", "Sənə demədiklərim", "Sevgi akkordları", "Döyüş şöhrəti", "Poetik testlər", "Əsərləri" və sair kitabların müəllifidir.  
Məktəblilər şairin şeirlərindən səsləndirblər. 

 

Akif AĞAYEV