Süni intellektin iqtisadiyyatdakı təsirləri: QHT sədri İlqar Hüseynlidən AÇIQLAMA
Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a verdiyi açıqlamada texnoloji inkişafın iqtisadiyyatdakı təsirlərinə və süni intellektin gələcəkdə iqtisadi artıma necə təsir göstərə biləcəyinə dair fikirlərini bölüşüb.
QHT sədri bildirib ki, texnoloji avadanlıqlar və inkişaflar hər zaman iqtisadiyyata öz təsirini göstərib. O, robot texnologiyasının bir neçə il əvvəl insan kapitalını tədricən texnoloji kapitala çevirməsini və bu dəyişikliklərin iqtisadiyyatda ciddi təsirlər yaratmasını qeyd edib:
"Müxtəlif istehsal və sənaye müəssisələrində robotların bu prosesdə iştirakı insan kapitalını tədricən texnoloji kapitala dəyişməsinə gətirib çıxardı və bu, bəzi hallarda özünü doğruldan, iqtisadiyyatda ciddi dəyişikliklərə səbəb olub. Lakin, eyni zamanda, süni intellektin daha çox intellektual məkanda və biznes sahələrində öz imkanlarını ortaya qoyması da önə çıxır. Hələ ki, canlı insan kapitalına ehtiyac olan sahələrdə, məsələn, istehsal və aqrar sektorda, süni intellektin təsirlərini ciddi şəkildə görə bilmirik. Lakin mümkündür ki, intellektual bazarda iqtisadi imkanların artırılması baxımından süni intellektin bu proseslərdə iqtisadiyyatın bu hissəsinə təsiri artacaq və artıq bu mərhələni müşahidə etməyə başlaya bilərik."
İlqar Hüseynli süni intellektin iqtisadiyyatın müxtəlif sahələrində təkmilləşdirilmiş yanaşmalar təqdim etməklə, ölkənin ümumi iqtisadi inkişafına müsbət təsir göstərə biləcəyini bildirib. Bununla yanaşı, o, süni intellektin insan kapitalı ilə tamamlayıcı şəkildə fəaliyyət göstərəcəyini və insanlar üçün yeni iş imkanları yaradacağını qeyd edib:
"Ümumiyyətlə, bəzi sahələr var ki, onlar bilavasitə intellektual və məntiqi potensiala əsaslanır. Məsələn, təhsil sahəsində, tibb sahəsində və digər sahələrdə, burada süni intellektin dəstəyi kifayət qədər güclü olacaqdır. Həmçinin, digər sahələrdə də, doğru yanaşmaların tətbiqi zamanı süni intellektin tətbiqi özünü göstərəcək və bu, təəssüf ki, iqtisadiyyatın müxtəlif sahələrində təsirsiz ötüşməyəcək. Müsbət mənada, mən düşünürəm ki, süni intellekt iqtisadi artıma və inkişafın sürətlənməsinə töhfə verə bilər. Lakin bu o demək deyil ki, süni intellekt hər yerdə insanları əvəz edəcək. İnsanların iş imkanlarını və maddi təminat imkanlarını nəzərə alaraq, bu sahədə düzgün yanaşmalar tətbiq olunmalıdır".
Pərvanə Fərhadqızı
QHT.az