"Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda tərbiyə edilməsi vacibdir" - QHT sədri

“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri, əməkdar müəllim Esmira Rəhimova QHT.az-a verdiyi açıqlamada təhsil və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məsələsinə xüsusi diqqət yetirib.

Esmira Rəhimova bildirib ki, Azərbaycan bu gün istənilən sahədə böyük uğurlar əldə edib və bu inkişafın davamlı olması üçün gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması çox vacibdir:

"Bu gün bəzi hallarda bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir. Fikrimcə, bu məsələyə çox böyük diqqət verilməlidir. Bu, təkcə Təhsil Nazirliyinin vəzifəsi deyil, bu prinsiplər, ilk növbədə, ailələrdə, məktəbdə, uşaq bağçasında, ali məktəbdə, orduda və cəmiyyətdə üstünlük təşkil etməlidir. Azərbaycan öz təhsil sistemini dünya  standartlarına uyğunlaşdırmaq üçün beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq edir. Ali təhsil sahəsində islahatlar isə əsasən Avropa strukturları ilə, Avropa İttifaqı, Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir".

QHT sədri təhsil sahəsində atılan hər bir addımın cəmiyyətin gələcəyinə yönəldildiyini vurğulayıb və bu məqsədlər ətrafında birləşməyin vacibliyini qeyd edib:

"Azərbaycanda təhsil islahatlarının genişləndirilməsi və dünya standartlarına uyğunlaşdırılması siyasətini həyata keçirmək üçün yeni qanunvercilik bazasının formalaşdırılması da inkişaf etməkdədir. Azərbaycan ölkə daxilində ali təhsil, eyni zamanda, peşə təhsili standartlarını təkmilləşdirmək yönündə işlərin görülməsinə diqqəti artırmalıdır. Bütün bunlarla yanaşı ölkə prezidenti tərəfindən gənclərin xaricdə təhsilinə də ciddi diqqət ayrılması da təhsilin inkişafının əsasını təşkil edir. Təhsil nazirliyinin tədbiq etdiyi bu və ya digər uğurlu yeniliklərin cəmiyyətimizin gələcəyi üçün atılan addımlar olduğuna əminik, ona görə hər birimiz bu məqsədlər ətrafında birləşməli, cəmiyyətimizin təhsilli olması üçün əziyyətlərimizi əsirgəməməli, Azərbaycanımızın inkişafına öz mövqeyimizdən möhkəm dəstək verməliyik. Təhsil millətimizin, Azərbaycanımızın gələcəyidir. Gələcəyimizi möhkəm bünövrələr üzərində qurmaq təhsildən başlayır!"

 

Pərvanə Fərhadqızı

QHT.az