“Dəyişən sosial və iqtisadi mühitdə qadınların müdafiəsi” mövzusunda tədbir keçirilib - FOTOLAR

Sabirabad rayonunda Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dəyişən sosial və iqtisadi mühitdə qadınların müdafiəsi” mövzusunda tədbir keçirilmişdir.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi tərəfindən “Dəyişən sosial və iqtisadi mühitdə qadınların müdafiəsi” adlı layihə çərçivəsində Sabirabad rayonunda maarifləndirici tədbir təşkil olunub.

Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri Elnarə Məhərrəmova layihənin məqsədi, hədəfləri və donor təşkilat barədə iştirakçılara ətraflı məlumat verib. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, RİHB-nin müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, layihənin eksperti Rəşad Həsənov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sabirabad rayonu üzrə nümayəndəsi Piri Hüseynli, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktor əvəzi Şamama Əbilova, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, eləcə də rayon ərazisində məskunlaşmış qaçqın və məcburi köçkün qadınlar, şəhid ailələrinin üzvləri iştirak ediblər.

Layihə üzrə ekspert Rəşad Həsənov 25 slayddan ibarət təqdimatla çıxış edərək layihənin əsas istiqamətləri, gözlənilən nəticələr və hazırkı sosial-iqtisadi çağırışlarla bağlı geniş təqdimat edib. O, qadınların sosial-iqtisadi mühitə inteqrasiyası, məşğulluq imkanlarının artırılması və işğaldan azad edilmiş ərazilərdə yaranan yeni iqtisadi dinamikanın qadınlara təsiri barədə ətraflı məlumat verib. Bildirilib ki, bölgələrdə əsasən kənd təsərrüfatı, tikinti və xidmət sahələri üzrə formalaşan iş bazarına qadınların cəlb olunması üçün mövcud proqramlar çərçivəsində mərhələli şəkildə müvafiq tədbirlər nəzərdə tutulur.

Tədbirdə qadınlara məşğulluq və özünəməşğulluq proqramları, peşə təlimləri, sosial iş yerləri və ailə təsərrüfatlarının yaradılması kimi mövzularda praktiki məlumatlar təqdim edilib. Proqramlardan faydalanmaq imkanları və prosedurlar iştirakçılara izah olunub.

Rəsmi çıxış edən qonaqlar – Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, KOBİA-nın Sabirabad rayon üzrə nümayəndəsi Piri Hüseynli qadınların sosial müdafiəsinin gücləndirilməsi, peşə bacarıqlarının artırılması və yerli səviyyədə məşğulluq imkanlarının genişləndirilməsi ilə bağlı təklif və tövsiyələrini bölüşüblər.

Sonda iştirakçıların sualları cavablandırılıb, fikir və təklifləri dinlənilib. Tədbirin sonunda layihə rəhbəri Elnarə Məhərrəmova layihənin donoru olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tədbirin təşkilinə və həyata keçirilməsinə verdiyi dəstəyə görə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarova, İcra Hakimiyyətinin nümayəndələrinə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.