Ahıllar evinin sakinləri Bakıda keçiriləcək “Gimnastika hamı üçün” beynəlxalq turnirinə hazırlaşır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri növbəti dəfə Bakıda keçiriləcək üçüncü “Gimnastika hamı üçün” beynəlxalq “Challenge” turnirində iştirak edəcək.
QHT.az xəbər verir ki, müəssisənin yarışda iştirak edəcək sakinləri üçün mütəxəssislər tərəfindən intensiv məşqlər təşkil edilir. Onlar məşq zamanı müxtəlif rəqslər, fləşmob çıxışları və sadə akrobatik hərəkətlər icra edirlər.
Ahılların proqrama uyğun hazırlaşmaları və turnirdə fərqlənmələri məqsədilə keçirilən məşqlər SSRİ idman ustası Rəna Manafova tərəfindən aparılır. Artıq bir neçə ildir yarışda iştirak edən ahıllar bu dəfə turnirdə 10 nəfərdən ibarət komanda ilə təmsil olunacaqlar.
Xatırladaq ki, iyunun 28-29-da Dənizkənarı Milli Parkda təşkil olunacaq “Challenge”də 5 müxtəlif ölkənin 54 komandası yer alacaq. İştirakçılar iki yaş kateqoriyası (50 yaşdan aşağı və 50 yaşdan yuxarı) üzrə proqramlarda çıxış edəcəklər. Tədbir ustad dərsləri, komandaların rəngarəng çıxışları və əyləncə proqramlarından ibarət olacaq.
Turnirin məqsədi ahıl şəxslərin fiziki aktivliyini artırmaq, onların sosial həyata inteqrasiyasını dəstəkləmək və sağlam həyat tərzini təşviq etməkdir.