Quba 1 saylı mediasiya təşkilatında maarifləndirici görüş keçirilib

Bu gün Quba - Xaçmaz Regional Təhsil İdarəsinin Quba Rayon Təhsil Sektorunun və Quba 1 saylı MT-nın təşkilatçılığı ilə Quba rayonundakı ümumtəhsil məktəblərinin direktorları ilə görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşdə iştirakçılara mediasiya anlayışı, onun yaranma tarixi, beynəlxalq təcrübədə inkişaf mərhələləri və təhsil mühitində tətbiqi nəticələri barədə ətraflı məlumat verilib, mediasiyanın əsas prinsipləri, tərəflər arasında könüllü anlaşma əsasında münaqişələrin həlli mexanizmləri və onun insan münasibətlərinə verdiyi müsbət töhfələr vurğulanıb.

Daha sonra məktəb direktorları ilə birgə mediasiyanın ümumtəhsil müəssisələrində tətbiqi, onun şagirdlər, valideynlər və müəllimlər arasında münasibətlərin tənzimlənməsində rolu müzakirə olunub. Mediasiyanın məktəblərdə münaqişələrin azaldılmasına, qarşılıqlı hörmət mühitinin formalaşmasına və sosial-emosional bacarıqların inkişafına təsiri xüsusilə qeyd edilib.

Görüş zamanı həmçinin işəgötürən və işçi münasibətlərində yaranan mübahisələrin mediasiya vasitəsilə həlli yolları, bu yanaşmanın hüquqi və etik üstünlükləri, eləcə də gələcəkdə bu modelin geniş tətbiqi imkanları və perspektivləri haqqında da geniş fikir mübadiləsi aparılıb.

Sonda bu sahədəki təşəbbüslərə və göstərdiyi dəstəyə görə Quba Rayon Təhsil Sektorunun müdiri Pərviz Nurməmmədova Quba 1 saylı mediasiya təşkilatının rəhbəri Hümmət Əliyev tərəfindən təşəkkürnamə təqdim olunub.