"Eşitmə və nitq məhdudiyyətli şəxslərin inteqrasiyası üçün maarifləndirmə və işlə təminat vacibdir" - MÜSAHİBƏ
"Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin rəhbəri Cəmilə Çingizqızı QHT.az-a həyata keçirilən layihələr və cəmiyyətin məlumatlılığını artırmaq məqsədilə atılan addımlar barədə ətraflı məlumat verdi. Onun rəhbərlik etdiyi təşkilat, eşitmə və nitq məhdudiyyətli şəxslərin həyatlarını asanlaşdırmaq üçün bir sıra mühüm təşəbbüsləri həyata keçirir. Onunla apardığımız müsahibədə, bu şəxslərin ehtiyaclarına diqqət çəkmək və onların cəmiyyətə inteqrasiyasını təmin etmək üçün atılacaq addımlar barədə danışdıq.
QHT.az: Eşitmə və nitq məhdudiyyətli şəxslərin həyatlarını asanlaşdırmaq üçün hansı ideyalar üzərində işləyirsiniz?
Cəmilə Çingizqızı: Hal-hazırda eşitmə məhdudiyyətli şəxslərin yol hərəkətində təhlükəsizliyini artırmaq məqsədilə yeni bir layihə üzərində işləyirik. Yaxın günlərdə layihənin ictasına start verəcəyik. Layihə həm eşitmə məhdudiyyətli şəxslərin , həm də bütünlükdə cəmiyyətin bu sahədə məlumatlandırılmasını hədəfləyir.
QHT.az: İnsanların bu şəxslərin ehtiyaclarına uyğun daha çox məlumatlı olması üçün nə kimi təşəbbüslər önəmlidir?
Cəmilə Çingizqızı: İnsanların bu şəxslərin ehtiyaclarına daha çox məlumatlı olması üçün maarifləndirmə işi vacibdir. Ölkə başçısının işarət dili ilə bağlı verdiyi sərəncam bu sahədə yeni imkanlar açır.
Televiziya, sosial media və ictimai yerlərdə vizual və sadə dillə çarxlar hazırlanmalı, bu insanların gündəlik çətinlikləri göstərilməlidir. Eşitmə və nitq məhdudiyyətli şəxslərin əsas ehtiyaclarından biri işlə təmin olunmaqdır. Onlar bacarıqlı olsalar da, çox zaman imkanlardan kənarda qalırlar. Bütün qurumlar və cəmiyyət onların potensialına inanmalı, onları dəstəkləməli və işə cəlb etməyə maraq göstərməlidir. Hər kəs onların səssizliyinin səsi olmalıdır.
Pərvanə Fərhadqızı